Bakı, 29 aprel, AZƏRTAC
May ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında paytaxt sakinlərini maraqlı tamaşalar və premyeralar gözləyir.
AZƏRTAC xəbər verir ki, “Hasarın o üzü” tamaşası mayın 2-də və 24-də, “Mən səni sevirəm – M.S.S.” isə 14-də nümayiş olunacaq.
Mayın 3-də və 17-də U.Şekspirin “III Riçard” və “Romeo və Culyetta” əsərləri əsasında hazırlanmış tamaşalar təqdim olunacaq.
Teatrsevərlər mayın 8-i və 12-də M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan”, ayın 13-də “Hacı Qara”, 20-də “Müsyö Jordan və dərviş Məstəli şah” komediyalarına baxa bilərlər.
Mayın 9-da L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”), 10-da H.Cavidin “Şeyx Sənan”, 16-da T.Vəliyeva “Mənim ağ göyərçinim”, 23-də İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsərləri əsasında hazırlanan tamaşalar göstəriləcək.
Həmçinin mayın 30-u və 31-də H.Mirələmovun “Miras” əsərinin premyerası olacaq.
Gənc Tamaşaçılar Teatrı həmişə olduğu kimi, may repertuarında da uşaqları yaddan çıxarmayıb. Balacalar “Danışan gəlincik” tamaşasına mayın 2-də, “Qaraca qız” tamaşasına isə ayın 3-də və 7-də baxa bilərlər.
Mayın 6-da “Əlincə qalası”, 9-da Azərbaycan xalq nağılı “Göyçək Fatma”, 10-da “Şəngülüm, Şüngülüm, Məngülüm”, 16-da “Dəcəl keçi”, 17-də “Dörd əkizin nağılı”, 30-da ərəb xalq nağılı “Ələddinin sehrli çırağı”, 31-də “Qırmızı papaq” tamaşaları uşaqları sevindirəcək.
Mayın 23-ü və 24-də isə H.K.Andersenin “Çirkin ördək balası”nın premyerası olacaq.