Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin cənub bölgəsinə təşkil etdiyi media-tur zamanı jurnalistlər Agentliyin cənub bölgəsində göstərdiyi fəaliyyəti ilə yaxından tanış olublar.
Publika.az xəbər verir ki, 2 gün davam edən media-tur çərçivəsində jurnalistlər bir neçə istehsal müəssisəsində məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyiblər.
İlk olaraq Lənkəran şəhərində yerləşən pomidor istixanasından nümünələr götürülüb və jurlalistlərin müşayəti ilə analiz üçün labaratoriyaya aparılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev qida məhsullarından götürülən nümunələrin məxfiliyinin qorunması prinsipinin əsas götürülərək onların kodlaşdırıldığını və laborator analizlər aparılması üçün müayinələrə cəlb edildiyini deyib.
Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitunun Keyfiyyətin qiymətləndirilməsi şöbəsinin qiymətləndirilməsinin müdiri İlahə Əliyeva laboratoriyanın fəaliyyət istiqamətləri barədə məlumat verib:
"Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı üç istiqamət üzrə qurulub:
1. heyvan mənşəli xəstəliklərin ekspertizası;
2. bitki mənşəli xəstəliklərin ekspertizası;
3. bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası.
Laboratoriyada 27 laborator baxış otağı var. Burada gündəlik 300 sınaq aparmaq mümkündür.
Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcuddur.
Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların zərərsizləşdirilməsi həyata keçirilir. Proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda aparılır. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır.
Qəbul edilmiş nümunələr Nümunə qəbulu Toksikologiya, Fiziki – kimyəvi müayinələr, Molekulyar biologiya və GMO – nun təyini, Virusologiya, Karantin ekspertiza şöbələri tərəfindən tədqiq edilir. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlar ilə təchiz edilib.
Qeyd olunan müayinələr Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş və uğurla tamamlamış 18 nəfərlik işçi heyəti tərəfindən aparılır".