Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yeni hökumətini formalaşdırmaq üçün kadr çatışmazlığından əziyyət çəkir. Belə ki, onun bütün vəzifələrə öz tərəfdaşlarını təyin etməsi üçün kadr potensialı yoxdur. Buna görə də keçmiş hakimiyyətdə fəaliyyət göstərmiş şəxslərə öz aparatında vəzifə verir. Lakin bu, Paşinyanın sadiq hökumət qurmaq planının qarşısında böyük əngəl ola bilər. Çünki keçmiş hakimiyyətlə ziddiyətli mövqelərdə duran Paşinyanın hökumətinə müxalif nümayəndələri gətirməsi yuvasına ilan salması kimi bir addımdır.
Məsələ ilə bağlı Publika.az-a fikirlərini bildirən politoloq Qabil Hüseynli deyib ki, Paşinyan bu addımı ilə milli həmrəyliyə can atmaq təəssüratını yaratmaq istəyir:

“Paşinyan keçmiş hökumətin üzvlərindən bəzilərini öz tərəfinə çəkməklə milli barışıq prosesinin bünövrəsini qoymaq istəyir. Əgər Paşinyan hökuməti, həqiqətən də, uğur qazanacaqsa, hökumət Paşinyanın nəzərdə tutduğu islahatları: ölkəyə xarici investisiyanın cəlb edilməsi, işsizliyin aradan qaldırılması, maddi rifah halının yüksədilməsi kimi dövlət proqramlarını xarakterizə edən vədləri yerinə yetirə biləcəksə, onda hökumət daxilində ayaqlaşmadan söhbət gedə bilər. Lakin müəyyən uğursuzluqlara rast gələndə ilk olaraq hökuməti tərk edən, ona qarşı müxalif mövqedən çıxışı edən də Paşinyanın müxalif qüvvələrdən cəlb etdiyi kadrlar olacaq”.
Zümrüd