Avstriyada saxta polislər vətəndaşları aldadaraq böyük məbləğdə

Avstriyanın Yuxarı Avstriya əyalətində özünü polis kimi təqdim edən bir qrup cinayətkar hüquq-mühafizə orqanları üçün əsl problemə çevriliblər.

Metbuat.az Azərtaca istinadla xəbər verir ki, psixoloji cəhətdən yüksək hazırlıqlı cinayətkarlar əsasən yaşlı şəxslərə zəng edərək, yaxın ailə üzvlərinin avtomobil qəzası törətdiklərini və buna görə də hazırda polis bölməsində saxlandıqlarını bildirirlər. Həmin şəxslərin zaminə buraxılması üçün yüksək məbləğdə zəmanətin ödənilməli olduğunu iddia edən “polislər” bu məbləği almaq üçün həmin zərərçəkənlə evində görüşürlər. Təşvişə düşmüş şəxs isə tələb olunan vəsaiti cinayətkarlara təqdim edir.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yuxarıda təsvir olunan ssenari üzrə artıq iki şəxsə külli miqdarda zərər vurulduğu müəyyən edilib. 89 yaşlı Lints şəhər sakini “qəza törətmiş” qızının “sərbəst buraxılması üçün” 90 min avronu naməlum şəxslərə ödəyib. Zəng etdikləri şəxslərə qarşı psixoloji təzyiq göstərən və onların ailə üzvləri üçün keçirdikləri narahatlıqdan sui-istifadə edən fırıldaqçılar həmin əyalətin digər sakinindən isə 150 min avro alıblar. Həm ailə, həm də öz nüfuzlarını qorumaq üçün bu məsələnin məxfi qalmasının daha məqsədəuyğun olduğunu iddia edən cinayətkarlar pul vəsaitinin toplanması zamanı seçdikləri qurbanı mülki geyimdə ya müşayiət edib, ya da davamlı olaraq ona zənglər edərək, digər şəxslərlə ünsiyyətə girməsinə maneə olublar.

Avstriya Cinayətkarlığa qarşı Mübarizə Federal İdarəsinin internet səhifəsində vətəndaşların belə hallarda nə etməli olduqları barədə maarifləndirici məlumat yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR