Asiya məkanında təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional bağlantıların inkişafı fonunda AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında artan fəallığı, nəqliyyat və logistika imkanları, eləcə də rəqəmsallaşma sahəsində irəli sürdüyü təşəbbüslər ölkənin regiondakı strateji mövqeyini daha da aktuallaşdırır.

Bəs Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın siyasi və geoiqtisadi maraqları baxımından hansı imkanlar yaradır və sədrliyin başa çatmasından sonra əldə olunan nəticələrin davamlılığı necə təmin edilə bilər?

Milli Məclisin deputatı Vüqar İskəndərov bu məsələlərlə bağlı Metbuat.az-ın suallarını cavablandırıb:

AQEM-in Bakı zirvəsi: Siyasi nüfuzdan iqtisadi nəticələrə doğru -

AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın regional və beynəlxalq siyasi mövqeyi baxımından hansı əhəmiyyət daşıyır?

Bakıda AQEM-in VII Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında formalaşan yeni əməkdaşlıq arxitekturasında tutduğu mövqeyin göstəricisidir. Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha ortaya qoyub. Regionda uzunmüddətli sabitliyin təmin olunması üçün keçmişin dərsləri nəzərə alınmalı, siyasi məsuliyyət və qarşılıqlı hörmət prinsipləri əsas götürülməlidir.

Hesab edirəm ki, Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşü mühüm siyasi hadisə oldu. İsrail, İran, Türkiyə, Rusiya, Çin və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin eyni platformada iştirakı diqqət çəkdi. Fikir ayrılıqları açıq şəkildə özünü göstərsə də, dialoq imkanları qorundu. Bakı müxtəlif siyasi qütblərin görüşə bildiyi diplomatik məkandır.

Bakı Bəyannaməsinin qəbulu, Azərbaycanın sədrlik müddətinin 2028-ci ilədək uzadılması və Xəzər üzərindən yeni rəqəmsal bağlantıların inkişafı ölkəmizin siyasi və iqtisadi imkanlarını genişləndirir. Azərbaycanın coğrafiyası dəyişmir, amma həmin coğrafiyanın geosiyasi əhəmiyyəti artır.

Bu gün dünya siyasətində mühüm bir reallıq var: ölkələrin gücü yalnız təbii sərvətləri və hərbi imkanları ilə deyil, həm də qitələri, iqtisadiyyatları və bazarları birləşdirmək potensialı ilə ölçülür. Azərbaycan məhz bu istiqamətdə öz imkanlarını genişləndirir.

Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizləri, rəqəmsallaşma və iqtisadi əməkdaşlıq istiqamətlərini önə çəkməsi ölkənin geoiqtisadi maraqlarına necə təsir göstərə bilər?

Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizləri, rəqəmsallaşma və iqtisadi əməkdaşlıq məsələlərini ön plana çıxarması təsadüfi deyil. Bunlar ölkəmizin uzunmüddətli geoiqtisadi strategiyasının əsas istiqamətləridir. Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt limanı və yeni regional bağlantılar Azərbaycanın beynəlxalq ticarətdə rolunu genişləndirir. Rəqəmsal gömrük sistemləri, elektron sənəd dövriyyəsi və logistika proseslərinin inteqrasiyası isə bu imkanları daha səmərəli edə bilər.

Burada diqqətçəkən məqam odur ki, Azərbaycan artıq yalnız tranzit ölkəsi olmaqla kifayətlənmir. Məqsəd yükün sadəcə ərazimizdən keçməsi deyil, həmin yükün yaratdığı iqtisadi dəyərin də ölkəmizdə qalmasıdır. Logistika mərkəzləri, yeni investisiyalar, xidmət sektoru və əlavə iş yerləri bu siyasətin praktik nəticələrinə çevrilə bilər.

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin siyasəti ilə bağlı səsləndirdiyi fikirləri Azərbaycanın regional təhlükəsizlik və sülh gündəliyi baxımından necə qiymətləndirirsiniz?

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə Ermənistanın keçmiş və indiki rəhbərliyinin siyasətinə dair səsləndirdiyi fikirlər yalnız tarixi hadisələrin xatırladılması baxımından deyil, beynəlxalq hüququn tətbiqinə yanaşmanın qiymətləndirilməsi baxımından da diqqət çəkir.

Uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnamənin icra edilməməsi bu məsələdə beynəlxalq ictimaiyyətin mövqeyinə dair ciddi suallar yaradır. Azərbaycan həmin qərarların yerinə yetiriləcəyinə ümid edərək uzun müddət diplomatik mübarizə apardı. Lakin nəticədə ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın öz siyasi iradəsi və gücü hesabına mümkün oldu.

Bu proses fonunda bəzi Avropa institutlarının mövqeyi də ayrıca müzakirə olunmalıdır. Beynəlxalq hüququn aliliyini və insan hüquqlarını müdafiə etdiyini bildirən siyasi dairələrin Azərbaycanın hüquqları pozulduğu dövrdə eyni prinsipial mövqeni nümayiş etdirməməsi ciddi ziddiyyət yaradır. Bu yanaşma beynəlxalq hüquqa münasibətdə ikili standartların mövcudluğu ilə bağlı fikirləri gücləndirir.

Bakıda keçirilən məhkəmə prosesi də məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Prosesə yalnız ayrı-ayrı şəxslərə qarşı irəli sürülən ittihamların araşdırılması kimi yanaşmaq doğru olmaz. Burada məqsəd, eyni zamanda, işğal illərində Azərbaycan xalqına qarşı törədilmiş əməllərin hüquqi müstəvidə araşdırılması və onlara hüquqi qiymət verilməsidir.

Ədalətin təmin olunması isə siyasi və emosional yanaşmalardan deyil, konkret sübutlardan, qanuni prosedurlardan və hər bir şəxsin törətdiyi əməllərə görə fərdi məsuliyyət daşıması prinsipindən asılıdır.

Azərbaycanın sədrliyi başa çatdıqdan sonra əldə olunan nəticələrin davamlılığını təmin etmək üçün hansı mexanizmlər vacibdir?

Sədrliyin başa çatmasından sonrakı dövr də xüsusi əhəmiyyət daşıyır. Çünki beynəlxalq diplomatiyada əsas məsələ yalnız təşəbbüs irəli sürmək deyil, həmin təşəbbüsün davamlı işləməsinə nail olmaqdır.

Bunun üçün AQEM çərçivəsində daimi işçi mexanizmlərinin gücləndirilməsi, konkret layihələr üzrə yol xəritələrinin hazırlanması, maliyyələşmə imkanlarının müəyyənləşdirilməsi və nəticələrin mütəmadi qiymətləndirilməsi vacibdir.

Zirvə görüşləri siyasi iradəni nümayiş etdirir, lakin həmin iradənin iqtisadi nəticəyə çevrilməsi davamlı əməkdaşlıq tələb edir. Azərbaycan üçün də əsas hədəf Bakıda formalaşan gündəliyin gələcəkdə real layihələr, yeni bağlantılar və qarşılıqlı iqtisadi faydalar şəklində davam etməsidir.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

AQEM-in Bakı zirvəsi: Siyasi nüfuzdan iqtisadi nəticələrə doğru -