“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Dəmir pərdədən İpək yoluna qədər” adlı sərgi böyük siyasətçinin anadan olmasının 91-ci ildönümünə həsr olunub.
Sərgidə mərhum dövlət başçısının şəxsi arxivində olan və 1950-2000-ci illərdə lentə alınmış 300-ə yaxın fotoşəkil təqdim olunub. Ekspoziya dövlət xadiminin həyat və fəaliyyəti ilə yanaşı, keçirdiyi yüksək səviyyəli görüşləri, Gürcüstanın müasir tarixinin əhəmiyyətli hadisələrini də özündə birləşdirib.
Fotosərgidə Bakı-Supsa neft kəmərinin açılış mərasimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərənin tikintisi ilə bağlı imzalanma mərasiminə aid fotoşəkillər də yer alıb. E.Şevardnadzenin Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini əks etdirən və 1996-ci ildə Tbilisdə çəkilmiş fotoşəkil də sərgi ziyarətçilərinə təqdim olunub. Fotoşəkillərin bəziləri E.Şevardnadzenin şəxsi qeydləri ilə nümayiş etdirilir.
Sərgilənən əksər fotoşəkillər geniş ictimaiyyətə ilk dəfə təqdim olunub. Fotosərgi fevral ayının 7-nə qədər davam edəcək.






