“2018-ci ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon ABŞ dolları təşkil edib”.
Metbuat.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayında qeyd edilib. Məlumatda bildirilir ki, 2017-cı illə müqayisədə 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 151 milyon ABŞ dolları və ya 10 faizartıb.
Ötən il ərzində Rusiyaya 619,2 milyon, Türkiyəyə 344,9 milyon, İsveçrəyə 135,4 milyon Gürcüstana 124,5milyon və Qazaxıstana 44,6milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. 2017-ci illə müqayisədə 2018-ci il ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 18%, İsveçrəyə 1%, Qazaxıstana 36% artmış, İsveçrəyə 6%, Gürcüstana isə 10% azalıb.
2018-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (114,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində meyvə-tərəvəz ixracı 560 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 milyon, elektrik enerjisinin ixracı 65,6 milyon,qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 milyon, pambıq lifi ixracı 80,5 milyon, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon, pambıq ipliyi ixracı 24 milyon ABŞ dolları təşkil edib.2017-ci illə müqayisədə 2018-ci ildə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4 faiz artıb.
2018-ci ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 157 milyon ABŞ dolları təşkil edib. Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısınaRusiya (63,8milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (23,6 milyon ABŞ dolları), İsveçrənin (12,2milyon ABŞ dolları), Gürcüstanın (7,4milyon ABŞ dolları), İranın (5,4milyon ABŞ dolları) və digər ölkələrin adları var.
2018-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Pomidor (15,2 milyon ABŞ dolları)ilə fındıq ləpəsi (13,4 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər.