Gənclik hər bir cəmiyyətdə əsas intelektual və inkişafa təkan verən aparıcı qüvvədir. Müasir dünyada hər hansı bir dövlət haqqında istər daxili və istərsə də beynəlxalq imicin formalaşmasında gəclərin rolu və imkanları danılmaz faktordur. Bu səbəbdən də beynəlxalq təcrübədə də intelektual gənclərin beyin gücünə inanaraq onların müxtəlif proqramlar vasitəsi ilə dövlətlərin iqtisadi və inkişaf strategiyalarına uyğun şəkildə cəlb edilməsinə yönəlmiş fəaliyyətlər hər keçən gün artmaqdadır. Cəmiyyətlərin pozitiv inkişafı daha çox həmin cəmiyyətlərdə formalaşan iqtisadi və ağıllı yanaşma sərgiləyə bilən şüurun formalaşması ilə mümkün olmaqdadır.
Şüurda sərhədlərin artıq illər öncə yoxa çıxdığı dünyada Vətənə, torpağa və dövlətə sadiq layiqli gəncliyin formalaşması hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Heç şübhəsiz ki, müasir Azərbaycan gəncliyi cənab Prezident İlham Əliyevin sistemli gənclər siyasəti sayəsində hər bir ictimai-iqtisadi münasibətlər sahəsində uğurun əsas memarlarına və iştirakçılarına çevrilməkdədirlər. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurlu şəkildə davam etdirilməsi bu gün artıq Azərbaycanda hər cür qayğı ilə əhatə olunmuş və öz imkanlarından istifadə etməklə daha rahat bir həyat qurmağa müvəffəq olan gənclər kateqoriyasının formalaşmasına səbəb olmuşdur.
Cənab Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən qəbul edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramı gənclərin hərtərəfli inkişafını hədəf olaraq seçmişdir. İstər bu və istərsə də daha öncə qəbul edilmiş proqramlar Azərbaycanda iqtisadi cəhətdən azad gəncliyin - gənc sahibkarların – formalaşmasına, gənc alimlərin öz intelektual qabiliyyətlərini formalaşdıra bilmələrinə, o cümlədən onların hər cür sosial qayğı ilə əhatə olunmasına səbəb olmuşdur. Bu gün Azərbaycanda vətənpərvər, humanist, sosial cəhətdən tam təminatlı və beynəlxalq arenada özünəinamlı gənclik formalaşmışdır. Dövlətimizin gənclər siyasətinin mərkəzində duran məsələlərdən biri də gənc ailələrdir. Gənc ailələrə göstərilən dövlət qayğısı bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Belə ki, sosial cəhətdən az təminatlı gənc ailələrin mənzil şəratinin yaxşılaşdırılması, məşğulluq sahəsində əmək fəaliyyətinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmış və artıq gənc ailələr daha asan şərtlərlə mənzillər əldə etmək imkanı qazanmışdırlar.
Ümummilli Liderin uzaq görənliyi sayəsində Azərbaycanda formalaşan gənclər siyasətinin nəticəsi olaraq ən ucqarda yaşayan gənclər belə özlərini sübut etmək, yaradılmış bütün iqtisadi, sosial imkanlardan yararlanmaq və layiqli vətəndaş kimi cəmiyyətin həyatında iştirak etmək imkanlarına malikdirlər. 1996-cı ildən etibarən 2 fevral tarixinin “Gənclər Günü” kimi qeyd edilməsi bu sosial kateqoriyaya dövlət miqyasında verilən önəmin göstəricisidir.