Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Hüseynzadə Elnur Elmar oğlu barədə bəzi məlumatlar yayılıb.

Hərbi Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, bununla bağlı bildiririk ki, Elnur Hüseynzadə 01 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçib.

Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) cinayət işi başlanıb.

17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barəsində qərar qəbul edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Həmçinin, bildiririk ki, Elnur Hüseynzadə xidmət müddətində intizamsız davranışı ilə seçilib, mənfi xarakterizə olunub və dəfələrlə xidmət yerini özbaşına tərk edib.