Azərbaycan Prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür"

Azərbaycan Prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür"
22:42 12 Fevral 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ "Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, tam əminəm, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə, ölkəmizin maraqlarını qoruya bilməmişlər".
"Report" AZƏRTAC-a istnadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olub: "O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi və çevriliş ərəfəsində Şuşa, Laçın işğal altına düşmüşdü. Çevrilişdən bir il keçmədən - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı. Heydər Əliyev buna heç vaxt imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır. Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.
Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik. Bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər biz Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.
Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Bildiyiniz kimi, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik. Bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir.
Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/dovlet-bascisi-biz-ordumuzu-en-muasir-texnika-ile-techiz-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR