Bakı, 2 may, AZƏRTAC
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə yola düşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində müvafiq dövlət qurumlarında iki ölkə arasında din sahəsində əlaqələrin perspektivlərinin müzakirə olunması nəzərdə tutulub.
M.Qurbanlı dövlət və hökumət rəsmiləri, o cümlədən Ali Dini Rəhbərin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi, İranın vitse-prezidenti, Milli Kitabxananın rəisi Əkbər Salehi, xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə görüşəcək. Səfər zamanı, həmçinin İran parlamentində müzakirələr aparılacaq.
Dövlət Komitəsinin sədri Qum şəhərində Cameatül-Mustafa Universitetində də olacaq, müəllim heyəti və nüfuzlu din xadimləri, o cümlədən Ayətullah Əraqi və Ayətullah Sübhani ilə görüşəcək.