Cavid İmamverdiyev: "Qarabağ"a qarşı aqressiv oynamasan, o, bütün komandaları məğlub edər"

Cavid İmamverdiyev: "Qarabağ"a qarşı aqressiv oynamasan, o, bütün komandaları məğlub edər"
21:17 23 Fevral 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "Böyük kluba qarşı oynadığımızı bilirdik. "Qarabağ" istər Azərbaycan çempionatında, istərsə də avrokuboklarda uğurlu çıxış edir, ölkəmizi layiqincə təmsil edir".
“Report”un məlumatına görə, bu sözləri "Sabah"ın kapitanı Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
İmamverdiyev oyunla bağlı fikirlərini də bölüşüb: "Bu komandaya qarşı köklənmək üçün hansısa futbolçuya əlavə söz deməyə ehtiyac yoxdur. Çünki "Qarabağ"a qarşı oynamağın özü hər bir oyunçu üçün böyük stimuldur. Düşünürəm ki, bu gün yaxşı mübarizə apardıq. Bunun da nəticəsində hesabda geridə olarkən bərabərlik qolunu vurduq. Həm gözəl oyun sərgilədiyimiz, həm də heç-heçə etdiyimiz üçün çox sevinirəm".
- Birinci hissədə "Sabah"ın oyunçuları aqressiv görünürdülər və bir neçə sarı vərəqə oldu. Bunun səbəbi nə idi?
- Aqressiv oynamağımızın çox səbəbi var idi. İlk səbəb o idi ki, neçə oyundur qələbə qazana bilmirik. Bu, özümüzə gəlmək üçün bizə lazım idi. Uğurlu nəticə gələcək oyunlar üçün stimul olacaqdı. Digər tərəfdən "Qarabağ"a qarşı hər kəs özünü göstərmək, ən yaxşı oyunlarından birini keçirmək istəyir. Onlara qarşı aqressiv oynamasan, "Qarabağ" nəinki bizi, bütün komandaları məğlub edər. Bu üzdən də belə rəqibə qarşı aqressiv olmalısan.
- Hakimlik barədə nə deyə bilərsiniz?
- Mən heç vaxt hakimlik haqda danışmıram. Onların rəhbəri var, özləri qərar verərlər. Bizim işimiz hakimin qərarlarına əməl etməkdir.
- Başqa komandalara qarşı "Qarabağ"la oynadığınız kimi çıxış etmək olmaz?
- Əlbəttə ki, olar. Amma "Qarabağ" elə rəqibdir ki, ona qarşı köklənmək üçün nə məşqçinin, nə də başqa birinin əlavə söz deməsinə ehtiyac yoxdur. Çünki böyük kluba qarşı oynayırsan. Futbolda bəzən elə olur ki, başqa rəqibə qarşı köklənə bilmirsən. Amma "Qarabağ" və "Neftçi" kimi komandalarla oyunlarda böyük həvəsin olur, özünü göstərmək istəyirsən.
- Azarkeşlər ikinci hissə boyu Rəşad Eyubovu söyürdülər. Bu, nə ilə bağlı idi?
- Açığı, bunları eşitmədim. Azarkeşlərə nə deyə bilərsən? Futbolçusan, oyununla məşğul olmalısan. Rəşad da yaxşı futbolçu, mərifətli, qanacaqlı insandır. Düşünürəm ki, Rəşad belə şeylərə fikir verməz. Azarkeş istəyir ki, komandası qələbə qazansın. Bizim azarkeşlərimiz də "Qarabağ"ın oyunçularına qarşı bunu edə bilər.
- Qeyd etdiniz ki, "Qarabağ" və "Neftçi"yə qarşı oynamaq çətindir. Çempionluq yolunda kimi favorit görürsünüz?
- Məncə, hər ikisi çempionluq yolunda rahat oynayacaq. Ötən illərlə müqayisədə güclü rəqabət olacaq. "Neftçi" "Qarabağ"a qarşı rəqabət aparacaq. Bu da Azərbaycan futbolu adına sevindirici haldır. Hər il deyirdik ki, "Qarabağ" çempion olacaq. Bu mövsüm isə "Neftçi" onlarla mübarizə aparır. Kim güclüdürsə, o da qalib gəlsin.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sabah-in-kapitani-neftci-qarabag-a-qarsi-reqabet-aparacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR