Pakistan və Əfqanıstanda sel və daşqınlar nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.
Metbuat.az Aljazeera telekanalının saytına istinadla xəbər verir ki, Pakistanda təbii fəlakət qurbanlarının 16 nəfəri Xiber Paxkundva və Belucistan əyalətlərinə aiddir. Belucistan əyalətinin təbii fəlakətləri idarəetmə mərkəzinin rəisi İmran Zarkon bildirib ki, şiddətli yağış və dağlıq ərazilərdə sulu qar yağması nəticəsində əyalətin 9 rayonu su altında qalıb. Onun sözlərinə görə, evlər, yollar və körpülər dağılıb, insanları təxliyə etmək üçün hava nəqliyyatından istifadə olunub.
Ümumilikdə, Pakistanda sel və daşqınlar nəticəsində 25 nəfərin öldüyü bildirilir.
Əfqanıstanda isə sel və daşqınlar 20 nəfərin həyatına son qoyub. Burada da itkin düşənlərin olduğu, yüzlərlə evi su basdığı bildirilir.
Qəndəhar vilayətində 13 nəfər ölüb, mindən çox ev, məktəb, məscid binası və hökumət idarələri suyun altında qalıb. Bundan başqa, Hilmənd çayının məcrasından çıxması nəticəsində Ləşkərşah rayonu və ətraf ərazilərdə 7 sakin həlak olub, 350 ev dağılıb.