"Su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, içməli suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan düzgün istifadə etməsidir:
"İlk növbədə texniki su ilə içməli su ayrılmalıdır. İçməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır. İçməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi vərdişləri tərgitmək lazımdır".
Qurum rəsmisi qeyd edib ki, ən vacib məqamlardan biri isə suya yanaşma tərzinin dəyişməsidir. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara, içməli suya qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur. Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır. İçməli su qıtlığı probleminin olmaması üçün bir daha hamını suya qənaət etməyə çağırırıq.
Aysel Yaqubqızı / Metbuat.az
Söz güləşdirməklə Ermənistan hökuməti məsuliyyətdən qaça bilməz - Hikmət Hacıyev