Xaçmaz, 3 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 3-də Xaçmaz şəhərində şimal bölgəsinin uşaq musiqi və incəsənət məktəblərinin müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən sınaq qiymətləndirmədə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarında fəaliyyət göstərən dörd uşaq musiqi və üç incəsənət məktəblərinin 600 nəfərdən çox müəllimi iştirak edib.
Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində təşkil olunan imtahan saat 11-də başlayıb və 2 saat davam edib.
Nazirliyin Elm, Təhsil və Gənclərlə İş Şöbəsinin müdiri, imtahanın rəhbəri Yaşar Əliyev bildirib ki, imtahan uşaq musiqi və incəsənət məktəblərində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilir. Test tapşırıqları 50 sualdan və 3 variantdan ibarət olmaqla, Azərbaycan və rus bölmələri üzrə tərtib edilib. İmtahanda iştirak etmək üçün tələb olunan bütün lazımi sənədlər, buraxılış vərəqələri, məlumat kitabçaları hazırlanaraq əvvəlcədən müəllimlərə paylanılıb.
Sınaq qiymətləndirmənin nəticələri 10 gün müddətində açıqlanacaq.
Müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyən müəllimlər üçün təkrar sınaq qiymətləndirmə Bakı şəhərində keçiriləcək.
