"SOCAR Media” Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirir.

Metbuat.az-ın məlumatına görə, seminarda Azərbaycanda rəsmi fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal olan jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri iştirak edir.

Seminarda ilk olaraq SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbir iştirakçılarını salamlayıb və seminarla bağlı məlumat verib.

Daha sonra SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Beynəlxalq Qabaqcıl Jurnalistika Praktikası mövzusunda keçirilən seminarın məruzəçiləri barədə ətraflı məlumat verib.

İ.Əhmədov bildirib ki, məruzəçilər xarici, iqtisadi, siyasi mövzularda "Bloomberg", "FT", "Sunday Times", "The İndependent"-də 15 illik iş təcrübəsinə malik olan beynəlxalq jurnalist Svenya O'Donnel, "Petroleum Economist", "MEED"-də Neft-qaz, Yaxın Şərq mövzuları üzrə ixtisaslaşmış jurnalist Ceyms Qavin, Baş icraçı direktor, sosial media və kommunikasiya mütəxəssisi Cayzl Braun, SOCAR-ın tərəfdaşı, DRD Partnshirp (London PR konsaltinqi) Lourens Dor və İbrahim Əhmədov özü olacaq. Seminarda ayrı-ayrı sessiyalarda neft-qaz mövzusunda reportajların hazırlanması ilə bağlı məlumatlar; geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması; enerji mövzuları üzrə necə effektiv jurnalist olmalı; ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması; yalan xəbərlərlə mübarizədə medianın rolu mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Günay Elşadqızı / METBUAT.AZ