Xəbər verdiyimiz kimi, SOCAR Tower-də “SOCAR Media”-nın təşəbbüsü ilə Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib.

Metbuat.az-ın məlumatına görə, seminarda Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, eləcə də SOCAR-ın müxtəlif strukturlarında çalışan mətbuat üzrə mütəxəssislər olmaqla ümumilikdə 100-ə yaxın jurnalist iştirak edib.

Neft-qaz sahəsi və Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış jurnalist Ceyms Qavin “Neft-qaz mövzusunda reportajların hazırlanması” adlı təqdimatında bir sıra vacib məsələlərə toxunub - beynəlxalq neft şirkəti nədir və milli neft şirkətlərindən nə ilə fərqlənir, karbohidrogenlərlə bağlı mövzular oxuculara aydın və qısa şəkildə necə izah edilə bilər, neft şirkətlərindən nə soruşmalısınız, reportaj və analitik yazınızın real vəziyyəti düzgün əks etdirdiyinə necə əmin ola bilərsiniz, neft və qaz sahəsinin icraçıları, o cümlədən PR ilə məşğul olan şəxslərlə əlaqələri necə inkişaf etdirməli və s. mövzusunda çıxış edib.

İqtisadi-siyasi mövzularda işləyən jurnalist Svenya O’Donnell yalan xəbərlərlə mübarizədə medianın rolu və geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması mövzularından bəhs edən çıxışında reportajlara inam, onu olduğundan daha yaxşı etmək hissinə müqavimət, adamlara cavab hüququnu vermək, xüsusi mövzuları sadə şəkildə ictimailəşdirmək kimi suallara cavab axtarıb. Son 8 ildə “Social360”-da təbii ehtiyatlar, maliyyə xidmətləri və dövlət sektorları çərçivəsində kompleks onlayn media monitorinq proqramlarına rəhbərlik etmiş Caylz Braun ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması mövzusunda, M&S plc-də maliyyə və korporativ PR üzrə direktor vəzifəsin icra etmiş Lourens Dor isə şirkətlər ilə müsbət əlaqələr yaratmağın və neqativ əlaqələrdən yayınmağın yolları haqqında çıxışlar ediblər. Hər bir seminarın sonunda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, məruzəçi Svenya O’Donnell qəzet və televiziya jurnalistidir, 15 il beynəlxalq, iqtisadi və siyasi mövzularda işləyib. 2017-ci ildə "Bloomberg" - in baş siyasi reportyoru olub. Breksit haqqında reportajlara görə Vaşinqtonda yerləşən Milli Press Klubun “Breaking News” mükafatını almış komandanın üzvüdür. "Bloomberg" -in Moskva müxbiri olub, Financial Times üçün Sudandan reportajlar hazırlayıb. Ceyms Gevin: Energetika mövzusunda zəngin təcrübəyə malik jurnalistdir. 20 ilə yaxın müddətdə neft-qaz bazarı haqqında reportajlar hazrılayıb. Əməkdaşlıq etdiyi nəşrlər arasında "Petroleum Economist" , "Interfax Energy", "Middle East Economic Digest" və "Economist Intelligence Unit" də var. Yaxın Şərqə və karbohidrogen ehtiyatları olan digər ölkələrə müntəzəm səfərlər edən Ceyms həm də neft-qaz sahəsində kommunikasiya strategiyaları üzrə məsləhətlçi kimi tanınır. Caylz Braun "United Business Media" qrupu üçün işləyib, texnologiya, media və kommunikasiya sektorları üzrə fəaliyyət göstərib. BP Deepwater Horizon, Grenfell Tower Fire və Sky Fox Comcast kimi layihələri ilə tanınır. Lourens Dor: Karyerasına British Steel Pension Fund-da investisiya təhlilçisi kimi başlayıb, sonra CitigateDeweRogerson və Brunswick də daxil olmaqla müxtəlif firmalarda investorlar arasında əlaqə və maliyyə kommunikasiyaları sahəsində fəaliyyət göstərib. 2000-ci ildə Mantra PR-ı təsis edin. Qrup 2007-ci ildə Loewy-yə satılıb. O, daha sonra M&S plc-də maliyyə və korporativ PR üzrə direktor vəzifəsin icra edib. Lourens məhkəmə prosesləri, risk hazırlığı, böhran idarəçiliyi və reputasiya idarəçiliyi üzrə tanınmış məsləhətçilərdən biridir.

Günay Elşadqızı / METBUAT.AZ