"Əgər Əli İnsanov bu cür bəyənat səsləndirirsə, bu, onu göstərir ki..."

"Əgər Əli İnsanov bu cür bəyənat səsləndirirsə, bu, onu göstərir ki, o, əfv olunmağına baxmayaraq, islah olunmayıb".

Metbuat.az-ın məlumatına görə, bunu eks səhiyyə naziri Əli İnsanovun azadlığa çıxdıqdan sonra səsləndirdiyi fikirləri jurnalistlərə şərh edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib. Ə.Əhmədov bildirib ki, prezident İlham Əliyev tərəfindən son dövrlərdə böyük addımlar atılır.

Bu addımlardan biri də 400-dən çox ailənin sevincinə səbəb olan böyük əfv Sərəncamıdır: "Bu, prezidentin böyük humanizmindən xəbər verir. Prezident müxtəlif qanunpozmalar edərək azadlıqdan məhrum olmuş insanları azad etməklə onların ailələrinə sevinc bəxş etdi, bu onların islah olunmasına inamı ifadə etdi. Digər bir tərəfdən isə bu humanizmin göstəricisidir. Cənab prezident tərəfindən dəfələrlə əfv sərəncamı imzalanıb. Bu da ondan ibarətdir ki, bizim məqsədimiz insanı cəzalandırmaq deyil, istəyimiz qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdən ibarətdir. Əgər bu insanlar etdiyi səhvi dərk edirsə, prezident humanizm göstərib əfv edir. Onların içərisində müxtəlif kateqoriyadan olan, müxtəlif xarakterli qanunpozmalar edən insanlar var. Bunlardan biri də Əli İnsanovdur. Hesab edirəm ki, cənab prezident Əli İnsanovu həbsdən azad etməklə bir daha özünün humanizmini nümayiş etdirdi. Çox təəssüf hissilə qeyd etmək istəyirəm ki, Əli İnsanov azadlığa çıxanda tamamilə fərqli bir bəyənat səsləndirdi. Ən azından prezidentin böyük humanizmi nəticəsində azadlığa çıxan insan gərək belə etməyəydi. Prezidentin sərəncamı ilə azadlığa çıxan insanların əksəriyyəti içərisində müxtəlif dünyagörüşünə malik insanlar var. Onların hamısı prezidentin əfv sərəncamını yüksək qiymətləndirdi. Bu, ən azından insani borcdur. Əgər sənə qarşı bir humanistlik edilibsə, insani keyfiyyət bunu tələb edir ki, bunun əvəzində sağ ol deyəsən. Amma biz bunu Əli İnsanovdan görmədik. Edilən yaxşılığa sağ ol demək, insani keyfiyyətdir, amma Əli İnsanov bunu etmədi".

Əli Əhmədov bildirib ki, Əli İnsanovun azadlığa çıxması prezidentin bilavasitə şəxsi təşəbbüsüdür: "Bildiyim qədərilə onun azadlığa çıxması üçün heç bir tərəfdən nə xahiş olunub, nə elə bir istək olub. Heç bir dövlət və ya beynəlxalq təşkilat Əli İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında vəsatət qaldırmayıb və ya xahiş etməyib. Prezidentin şəxsi təşəbbüsü ilə o, azadlığa çıxıb. Bundan sonra Ə.İnsanovun o cür bəyənat səsləndirməsi, onun azadlığa çıxmasının hansısa dövlətlərin səbəb olması ilə bağlı fikir səsləndirməsi ən azından ona edilən yaxşılığı dərk edə, qiymətləndirə bilməməsinin nəticəsidir. Əfv fərmanı ona görə verilir ki, həm prezidentin humanizmini göstərir, həm də həmin insanın islah olunduğunu göstərir. Əgər Ə.İnsanov bu cür bəyənat səsləndirilsə, bu onu göstərir ki, o, əfv olunmağına baxmayaraq, islah olunmayıb. Mən buna çox təəssüf edirəm, hesab edirəm ki, Əli İnsanov bəlkə səhv addımını başa düşə. Onun kifayət qədər yaşı var ki, elədiyi səhvləri başa düşə, bundan əvvəl etdiyi səhvlər onun üçün nəticə olmalıdır. Bütün bunların nəticəsində də prezidentin etdiyi humanizmi dəyərləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu onun hansı insani keyfiyyətlərə malik olmağından xəbər verir. Azərbaycan dövləti heç vaxt belə bəyənatlardan çəkinməyib, prezident açıq şəkildə öz mövqeyini ortaya qoyub. Dövlət başçısı 400-dən çox insanı azadlığa buraxmaqla özünün müstəsna səlahiyyətlərindən istifadə edərək öz humanizmini, insanpərvərliyini göstərib. Bilənlər biləcək, bilməyənlər də bu humanizmi dərk etmədiklərini bir daha ortaya qoyacaqlar".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR