"Beynəlxalq və nüfuzlu qurumların ölkəmiz haqqında müsbət hesabat təqdim etməsi bir daha göstərir ki, ölkədə aparılan iqtisadi islahatlar açıq hökumət, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam uyğundur".
Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya" adlı beynəlxalq konfransda bildirib: "İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dövlətlərin iqtisadi, sosial və ətraf mühit dəyişikliklərinin təməlində dayanan faktorları öyrənərək qlobal ticarət və investisiya axınını və məhsuldarlığı ölçür, iqtisadi məsələlərlə bağlı beynəlxalq standartları müəyyən edir. Azərbaycan iqtisadiyyatın diversifikasiyası və sahibkarlığın rəqabətqabiliyyətliyinin artırılması istiqamətində OECD ilə sıx əməkdaşlığını davam etdirir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev iqtisadiyyatın diversifikasiyası, sosial sferanın inkişafı, kiçik və orta sahibkarlığın inkişaf istiqamətində çox saylı hüquqi normativ aktlar imzalayıb. Qeyd olunan müxtəlif sektorlu islahatlar OECD tərəfindən müəyyən edilən müasir və beynəlxalq standartlarla eynilik təşkil edir. Buna görədir ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan islahatları Dünya Bankının “Doing Business” hesabatında yüksək qiymətləndirib".




Günay Elşadqızı / METBUAT.AZ