Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçirilir.

Metbuat.az-ın məlumatına görə, konfransda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson “Azərbaycanda iqtisadi islahatlar: Sahibkarlığın inkişafı və iqtisadi diversifikasiya” mövzusunda çıxış edib.
O, "Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi” və “Xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi” mövzusunda hazırlanan aralıq hesabatlarının Fransada keçirilən “Avrasiya Həftəsi 2018” tədbirində də təqdim edildiyini xatırladıb.

Onun sözlərinə görə, OECD-nin mütəmadi bu formatda hesabatlar təqdim etməsində məqsəd üzv dövlətlər arasında məlumat mübadiləsini təmin etmək və şəffaflıq üzrə beynəlxalq standartlara riayət edib-etməməsini dəyərləndirməkdir: “Azərbaycan son üç ildə KOB-lar üçün institusional, tənzimləyici və əməliyyat mühitinin gücləndirilməsi məqsədilə bir sıra iqtisadi islahatlar həyata keçirib. Bu islahatlar iqtisadi istehsal və ixracın vacib diversifikasiyanı stimullaşdırmaq potensialına malikdir. Məsələn, KOB İnkişafı Agentliyinin yaradılması və www.enterpriseazerbaijan.com portalının işə salınması düzgün istiqamətdə addımlardır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin bu cür tədbirlərlə təcrübəsi real dəyişikliyin mümkünlüyünü göstərir, lakin nəticələr bir günə əldə olunmayacaq: onlar adekvat resurslarla dəstəklənən davamlı və ardıcıl iş tələb edəcəklər.

Mən çox şadam ki, Avropa İttifaqının EU4Business təşəbbüsünün dəstəyi ilə OECD Azərbaycanda sahibkarlıq və iqtisadi diversifikasiyanı təşviq etmək məqsədilə KOB yol xəritəsinin həyata keçirilməsini dəstəkləmək üçün hökumətlə işləyir. Bu konfransda təqdim etdiyim iki hesabat son bir neçə ildə keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətləri əks etdirir və həmçinin agentliyin fəaliyyətinin gələcəkdə daha da inkişafı üçün bəzi yollar göstərir".

Günay Elşadqızı / METBUAT.AZ