"Azərbaycanda elektron kassalarla bağlı proses gedir və artıq qrafiki müəyyən olunub".
Metbuat.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, yaxın dövrlərdə yeni onlayn kassa aparatlarının tətbiqinə başlanılacaq:
"İlkin olaraq onlayn kassaların tətbiqinə iri ticarət şəbəkələrində başlayacağıq. Sonra isə digər iri müəssisələrə də keçəcəyik".
Qeyd edək ki, onlayn kassalar fiskal operator vasitəsilə mağazaların nağd, kartlarla və elektron pullarla edilən bütün satış dövriyyəsi haqqında məlumat ötürə bilir. Məlumatlar vergi orqanlarına qəbzlərin elektron surəti kimi daxil olur və bazada illərlə qorunub saxlanıla bilir. Onlayn kassalardan mal və xidmətlər dövriyyəsində şəffaflığı əldə etmək üçün istifadə olunur. Alıcı aldığı elektron qəbzlərin leqallığını istədiyi vaxt yoxlaya bilir. Sistem, həmçinin, vergi uçotunu və gəlirlərin daxilolmasını mobil tətbiq vasitəsilə xeyli asanlaşdırır. Elektron qəbzlər elektron ünvana və ya satıcıdan tələb olunan istinada yönləndirilir.
Günay Elşadqızı / METBUAT.AZ