"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Şahin İsmaylov bildirib.
Deputat qeyd edib ki, İnsanovun son bəyanatları o qədər qeyri səmimiliyə köklənib ki, heç bir regionun, xüsusilə də onun mənsub olduğu regionun insanları onu dəstəkləməz: “Bir zamanlar ideyaları qarşısında sadiq olacağına and verdiyin insanın ideyalarını reallaşdıranlara qarşı düşmənçilik ən ciddi qeyri-səmimiliyin bir sübutu deyilmi? Eyni zamanda öz xalqına qarşı sitəm yüklü sözlərin yanında qlobal fəsadın memarlarına minnətdarlıq ifadə etmək isə mənəvi zillətin göstəricisi deyilmi? Maraqlısı odur ki, Ə. İnsanov bir zamanlar ermənilərin hamisi saydığı və buna qarşı yüksək kürsülərdən söylədiyi məqamlar bu gün onun qibləgahına çevrilib. Əli İnsanov, bir zamanlar erməniyə dost saydığına bu gün minnətdar olmaq görəsən Qərbi Azərbaycan torpaqlarında yatan ruhları məzarlarında incitməzmi?! Belə olan təqdirdə həmin elin obanın ağsaqqalı olmaq iddiası reallıqla üst üstə düşə bilərmi?! İnsan siyasi düşüncəsini dəyişə bilər, bu əslində normal haldır. Ancaq insan bunu insan kimi edər. Qərbi azərbaycanlılar hər zaman olduğu kimi indi də Ümumilli lider Heydər Əliyevin ideyalarına sadiqdirlər və onlar bu gün Azərbaycan xalqının tərkib hissəsi olaraq ölkə prezidenti cənab İlham Əliyevin yanındadırlar. Özünü hər vəchlə Qərbi azərbaycanlıların ağsaqqalı kimi göstərmək isə yüngül formada ifadə etsək sadəcə gülüncdür. Çünki Azrbaycan xalqının bir üzvü kimi qərbi azərbaycanlılar heç vaxt əqidəsinə xəyanət edəni ağsaqqal kimi qəbul etməz. Əli İnsanov siyasi sima olaraq bitmiş, xarakter olaraq xəyanətkar kimlik qazanan biridir. Belə simaların isə nə cəmiyyətdə, nə də siaysətdə çəkisi var. O heç olmasa yaşının bu vaxtında özündə cəsarət taparaq səhvlərini etiraf edib, ortalıqdan getsin”, - deyə, deputat vurğulayıb.