İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət” və “Biznes İnkubasiya” mərkəzləri fəaliyyətə başlayıb.

Metbuat.az-ın məlumatına görə, bununla əlaqədar keçirilən tədbirdə mərkəzlərin fəaliyyət istiqmətləri, sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə göstərilən xidmətlər barədə məlumat verilib.

“Sahibkarlara Xidmət” mərkəzində müasir informasiya-kommunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün hər cür şərait, o cümlədən qaynar xətt (012-310-23-00) yaradılıb. Mərkəz həmçinin, hüquqi, iqtisadi və digər məlumatların toplanması, bazar konyukturasının öyrənilməsi, müasir texnologiyaların və elmi-texniki yeniliklərin təbliği, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət göstərəcək.

“Biznes İnkubasiya” mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımi şərait yaradılacaq.

Sonra tədbir iştirakçıları mərkəzlər və burada göstəriləcək xidmətlərlə tanış olublar.

Tədbir çərçivəsində həmçinin, Fondun yeni formatda və dizaynda www.edf.gov.az saytının təqdimatı keçirilib. Bir sıra yeniliklərlə yanaşı, sahibkarlar sayt vasitəsilə Fonda video müraciət edə bilərlər. Saytın həmçinin, mobil versiyası da yaradılıb.

Günay Elşadqızı / METBUAT.AZ