Ordumuzun tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən üç il ötür.
Metbuat.az-ın məlumatına görə, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.
Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda Aprel zəfərinin 3-cü ildönümünə həsr olunmuş hərbi-vətənpərvərlik tədbirləri həftəliyinə start verilib.
Hərbi-vətənpərvərlik həftəsi çərçivəsində birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssiəsləri, eləcədə cəbhəyanı bölgələrdə silsilə tədbirlərinin keçirilməsi planlaşdırılıb. Vətənpərvərlik həftəsi çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi önündə anım mitinqi keçirilib. Füzuli rayon ictimaiyyətinin, N saylı hərbi hissənin şəxsi heyətinin, Lələtəpə şəhidlərinin ailə üzvlərinin, müharibə veteranlarının iştirak etdikləri tədbirdə Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani “Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edib.

Anım mərasimində Füzuli, Cəbrayıl və Xocavənd Rayon icra hakimiyyətlərinin başçıları Alı Alıyev, Kamal Həsənov və Eyvaz Hüseynov, birlik komandiri, general-mayor Mais Bərxudarov çıxış edərək, 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini ifadə ediblər. Mərasim iştirakçıları “Aprel şəhidlərinə xatirə” abidəsinin önünə əklil və tər çiçəklər qoyaraq, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Cocuq Mərcanlıya gedən yolun kənarlarına Aprel şəhidlərinin hər birinin xatirəsinə bir çinar ağacı əkilib. Aprel zəfərinin dördüncü ilində çinar ağaclarının yaxınlığında hər bir şəhidin portreti qoyulacaq.
Həmin gün Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyevanın xatirəsinə hərbi birlik komandanlığının təşəbbüsü ilə yaradılan uşaqlar üçün parkın və abidənin açılışı olub.

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində növbəti tədbir Beyləqan Rayon Mədəniyyət Mərkəzində keçirilib. Müharibə veteranlarının, şəhid ailələrinin, Aprel döyüşlərinin iştirakçılarının, hərbi qulluqçuların, Beyləqan, Cəbrayıl və Xocavənd rayon ictimaiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralının “Lələtəpə” poeması əsasında ədəbi-musiqili kompozisiya təqdim olunub. Kompozisiyada Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Pərvanə Qurbanova, Əməkdar incəsənət xadimi Abdulla Qurbani və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin heyəti iştirak edib.
Tədbirə 2016-cı ilin Aprel döyüşlərində, eləcə də keçən ilin mayında Naxçıvan Muxtar Respublikasında uğurlu əməliyyatlarda müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarının gətirilməsi alqışlarla qarşılanıb. Əminliklə bildirilib ki, bu bayraqlar tezliklə işğaldan azad ediləcək digər torpaqlarımızda da ucaldılacaq və Bakıya - Azadlıq meydanına gətirilərək qələbə paradında nümayiş olunacaq.

Beyləqan və Xocavənd rayon icra hakimiyyətlərinin başçıları Asif Ağayev, Eyvaz Hüseynov, birlik komandiri, general-mayor Mais Bərxudarov, polkovnik Abdulla Qurbani və şəhid ailələrinin nümayəndələri çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı ilin aprel ayında düşmən üzərində qazandığı şanlı zəfərdən danışıb, Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın hazırda işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliklərini ifadə ediblər. Hərbi vətənpərvərlik həftəsi çərçivəsində növbəti tədbirlər Şəmkir, Qazax və Bakıda keçiriləcək.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov Metbuat.az-a açıqlamasında bildirib ki, aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin I Qarabağ döyüşlərindən sonra ən əhəmiyyətli döyüş fəaliyyəti olub:
“Azərbaycan Silahlı Qüvvələri o döyüşlərdə qarşıya qoyulan tapşırıqları yerinə yetirib. Bildiyiniz kimi, erməni tərəfinin Silahlı Qüvvələrinin bölmələri o istiqamətdən yaşayış məntəqələrimizi atəşə tuturdu. Azərbaycan Silahlı Qüvvələrinə verilən tapşırıq bu idi ki, təmas xəttində olan bölmələrimiz həmin mövqeləri geri almalı və bununla da o istiqamətdə yaşayış məntəqələrini, dinc sakinlərin təhlükəsizliyini təmin etməli idi. Silahlı Qüvvələrin təmas xəttində olan bölmələri qısa zamanda bu tapşırığı yerinə yetirdilər. Onlar həmin möqelərimizi geri aldılar və nəticədə də o istiqamətdə olan yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etdilər. Silahlı Qüvvələrimizin bölmələri göstərdi ki, hərbi cəhətdən qarşıya qoyulan tapşırıq yerinə yetirməyə qadirdilər”.
Polkovnik bildirib ki, digər tərəfdən bununla psixoloji və vətənpərvərlik ruhunu da sınaqdan keçirə bildik: “Bu döyüşləri sınaq döyüşləri kimi də qiymətləndirmək olar. O döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrindən bir nəfər belə fərarilik edən əsgər olmadı. Əsgərlərimiz öz qanları, canları bahasına vətənin keşiyində durdular. Torpağımızı azad etmək üçün hətta şəhidlik zirvəsinə qədər yüksələrək öz vətəninə olan məhəbbətini göstərən və əsgər borcunu yerinə yetirən qəhrəmanlarımız bunu real döyüş şəraitində və döyüş tapşırığını yerinə yetirərək göstərdi.
Digər tərəfdən, bildiyiniz kimi, o vaxtı Seyran Ohanyan keçilməz müdafiə xətti qurmuşdu və onlar illərlə “Ohanyan” müdafiə xətti ilə öyünürdülər. Bir mif yaranmışdı ki, Azərbaycan Silahlı Qüvvələri heç bir addım da irəliləyə bilməz, o müdafiə xəttini keçə bilməz. Ancaq aprel döyüşləri onu göstərdi ki, qısa zamanda, bir neçə saat ərzində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri həmin müdafiə xəttini keçə bildilər və hətta qarşıya qoyulan tapşırığı da yerinə yetirə yetirdilər.

Bu döyüşlə bir tərəfdən də bizim cəmiyyət sınaqdan keçdi. Çünki uzun zaman idi döyüş yox idi. Bilirsiz ki, o şəraitdə bütün cəmiyyət bir yumruq kimi birləşdi və Azərbaycan Respublikasının Prezidentini dəstəklədi. Döyüş şəraitində xalq bir olub göstərdi ki, dövlətlə birdir və hər zaman Azərbaycan torpaqlarının azad edilməsində və döyüş aparmasında dəstəkləməyə hazırdır. Bu döyüşdə bizim gənclərimiz sınaqdan keçdilər. Bildiyiniz kimi, təmas xəttindən 300 km uzaqda olan Bakıda və döyüş bölgəsindən uzaqda olan digər bölgələrdə bütün respublika gənclər ayağa qalxdı, dəstək göstərdi. Gənclərimizin hamısı Səfərbərlik və Hərbi Xidmət məntəqələrinə üz tutdular və hər an əli silahlı əsgərlərlə birlikdə olmaq istədiklərini bildirdilər.
Bir məsələ var, bu haqda hətta erməni mətbuatı da yazıb. Azərbaycan polisi təmas xəttinə yaxın durub mülki əhalinin əsgərlərə kömək üçün getmək istədiyi yerdə qarşısını alırdı, çünki buna ehtiyac yox idi. Bizim öz bölmələrimiz öz döyüş tapşırığını layiqincə yerinə yetirirdilər. Ermənistan tərəfdən isə Daxili Qoşunlar çalışırdı ki, orada qaçan əsgərlərin qarşısını alsınlar. Bu da Azərbaycan ordusu ilə Ermənistan ordusunun müqayisəli şəkildə bu döyüşə münasibətidir. Bildiyiniz kimi, bu döyüşdən sonra erməni tərəfi dəfələrlə bəyan etmişdi ki, Azərbaycan ordusunun geri aldığı əraziləri yenidən işğal edəcəklər. Bir müddətdən sonra dedilər ki, o ərazi böyüklüyündə başqa bir yeri işğal edəcəklər. Bunun üçün də tədbirlər görürdülər, təxribatlar törədirdilər. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün bu cəhdlərin qarşısını alaraq və layiqli cavab verərək düşməni itkilərlə geri getməyə məcbur elədi. Nəticədə bildiyiniz kimi, Ermənistanda cəmiyyət ayağa qalxdı, erməni anaları Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirdilər. Dediyim kimi, bu döyüş iki döyüşən tərəfin münasibətini göstərdi. Bir tərəfdə Azərbaycan əsgəri, Azərbaycan bölmələri qarşıda duran tapşırığı yerinə yetirərək gələcəkdə də torpaqları azad etməyə hazır vəziyyətdə olduğunu göstərdi. Digər tərəfdən isə erməni əsgəri Azərbaycanın döyüşünə tab gətirməyib həmin mövqeləri qoyub qaçırdı. Erməni xalqı da etiraz edirdi ki, uşaqlarımızı ora göndərmirik. Azərbaycan xalqı isə öz dövlətinə, rəhbərinə dəstək göstərib dedi ki, “biz sizinləyik və hər an Azərbaycan torpağını azad etməyə hazırıq”. Ona görə də aprel döyüşlərinin Azərbaycan ordusu, xalqı, cəmiyyəti üçün əhəmiyyəti çox böyükdür”.
Günay Elşadqızı / METBUAT.AZ