Bakı və Sumqayıt arasında sürətli qatarlarının faydası olacaqmı?

Bakı və Sumqayıt arasında sürətli qatarlarının faydası olacaqmı?
00:27 15 Yanvar 2015
135 Sosial
Ölkə mətbuatı
A- A+

Yaşayış məntəqələri arasında nəqliyyat sisteminin qurulması həm sosial, həm də iqtisadi baxımdan çox vacibdir. Hazırda şəhər ətrafında yaşayan insanlar hər gün işləmək üçün mərkəzə gələrkən çətinliklərlə üzləşirlər. Bu səbəbdən də şəhər kənarında rahat və daha sağlam həyat qurmaq çətinləşir
Bundan başqa, yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması iqtisadiyyata da öz müsbət təsirini göstərir.

Ötən gün xəbər vermişdik ki, Bakı ilə Sumqayıt arasında, o cümlədən Bakının ətraf qəsəbələri arasında sürətli elektrik qatarlarının alınması ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif banklarla danışıqlar aparır. Danışıqlar yekunlaşdıqdan sonra yeni qatarlar alınacaq.

Bəs bu cür elektrik qatarlarının tətbiqi Bakının nəqliyyat yarasını sağalda biləcəkmi?

Milli.Az-ın əməkdaşı bu barədə iqtisadçı ekspert Samir Əliyevin fikirlərini öyrənib.

“Bu gün Bakının ətraf qəsəbələrindən, o cümlədən Sumqayıt şəhərindən kütləvi şəkildə Bakıya axın var. Söhbət gündəlik olaraq işə yollanan insanlardan gedir. Bu qədər insan kütləsini daşımaq üçün hazırkı nəqliyyat vasitələri kifayət etmir. Avtobusların və avtomobillərin sayının çoxalması isə yollarda böyük tıxaclara səbəb olur”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, dəmir yolu nəqliyyatı həm iqtisadi baxımdan səmərəlidir, həm də ekoloji baxımdan zərərsizdir. Digər tərəfdən tıxacların da qarşısını ala bilər. Sadəcə olaraq, sistem elə qurulmalıdır ki, insanların tələbatlarına cavab verə bilsin.

“Hazırda ölkənin regionlarına uçan təyyarə reysləri ilə bağlı bir sıra problemlər var. Vətəndaş hava nəqliyyatı ilə gedərkən hava limanına getməli, prosedurlardan keçməli, təyyarə ilə Qəbələnin hava limanına uçmalı, oradan da yenidən avtomobillə rayon mərkəzinə getməlidir. Ona görə də, insanlar üç saat ərzində Qəbələyə avtomobillə getməyə üstünlük verirlər. Elektrik qatarlarının tətbiqi zamanı bütün bunlar nəzərə alınmalıdır. Qiymət və dövrilik amili də nəzərə alınmalıdır. Bu qatarlar 10 saatdan bir deyil, xarici ölkələrdə olduğu kimi bir saatdan bir işləməlidir ki, insalar bu nəqliyyat növündən daha çox istifadə eləsinlər”, - o əlavə edib.

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, bütün qeyd olunan amillər nəzərə alınaraq dəmir yolu nəqliyyatı qurularsa, tıxaclar da aradan qalxar, insanlar da vaxtında işə çatarlar. Elektrik qatarlarının tətbiqi yanacağa qənaət baxımından da səmərəlidir.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR