Vergi ödəyicilərinin nəzərinə!

Vergi ödəyicilərinin bilməli olduğu məqamlar çoxdur.

Metbuat.az Vergilər Nazirliyinə istinadən bəzi vacib sualları və onların cavablarını təqdim edir.

- Vergi Məcəlləsinin 102.1.24-cü maddəsində qeyd olunan güzəşt hüququnu əldə etmək üçün vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödəniş nağdsız qaydada aparılmalıdır. Vergi orqanında uçotda olan fiziki şəxs eyni zamanda əmək müqaviləsi ilə digər muzdlu işdə işləyir və muzdlu işlə əlaqədar əməkhaqqı kartından öz şəxsi istehlakı üçün nağdsız qaydada ödəniş etməklə mal alarsa, bu halda ödənişi qəbul edən şəxs Vergi Məcəlləsinin 102.1.24-cü maddəsində qeyd olunan güzəşt hüququnu ala biləcəkmi?

- 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləğinin nəzərə alınmaması vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.

Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə.

- Vergi orqanının ƏDV üzrə müəssisəmizə hesabladığı ƏDV borcu depozit hesabımızdan dərhal büdcəyə silinə bilərmi?

- Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən borcun ödənilməsi barədə bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir.

Əsas: Vergi Məcəlləsi, 65.2.3-2-ci maddə.

- Kiçik və Orta Biznes (KOB) klaster şirkəti mənfəət vergisindən azadolma hüququna malikdirmi?

- Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, KOB klaster şirkətinin mənfəəti - KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsi, 106.1.21-ci maddə.

- Özəl müəssisədə çalışan fiziki şəxsin aylıq əməkhaqqı 200 manatdır. Bu məbləğdən sosial sığorta haqqı hesablanırmı?

- “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatadək olan işçidən 6 manat məbləğində sosial sığorta haqqı tutulur (200 x 3% = 6 manat).

Əsas: “Sosial sığorta haqqında” Qanun, 14-cü maddə.

- Fərdi sahibkar xırda istehsal fəaliyyəti ilə məşğuldur və 3 nəfər işçisi var. Sadələşdirilmiş verginin ödəyicisi olmaqla 2 faiz dərəcə ilə vergi ödəyə bilərmi?

- Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qeyd olunanlara əsasən, işçi sayı 3 nəfər olan istehsal fəaliyyətini həyata keçirən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər.

Əsas: Vergi Məcəlləsi, 218.5.8-ci maddə.

- Vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış qeyri-yaşayış sahəsi açıq hərrac qaydasında təqdim edilərkən hərrac təşkilatı tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulurmu?

- Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, açıq hərrac qaydasında təqdim olunmuş yaşayış və qeyri-yaşayış sahələrinə görə hərracın nəticələrini təsdiq edən təşkilatlar tərəfindən sadələşdirilmiş vergi tutulur. Lakin vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış yaşayış və qeyri-yaşayış sahələrinin açıq hərrac qaydasında təqdim edilməsindən vergi tutulmur.

Əsas: Vergi Məcəlləsi, 150.1.13-cü maddə.

Renat Xoyski/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR