Azərbaycanda "İKT-də qızlar" günü

Azərbaycanda "İKT-də qızlar" günü
13:55 25 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bütün dünyada olduğu kimi, Azərbaycanda da aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edilir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İKT-də qızlar” gününün keçirilməsinin məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etməkdir.

"Üfüqləri genişləndirək, münasibəti dəyişək" mövzusu ilə keçirilən bu beynəlxalq gün çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində rolunun artırılmasına dəstək vermək məqsədilə bir sıra tədbirlərin təşkilinə dəstək verir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “İKT-də qızlar” gününə həsr olunmuş tədbir təşkil olunub.

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES”, “STEP IT Academy”, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi və Birləmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin təşkilati dəstəyi ilə baş tutub.

Şamaxı rayonunda 70-dək məktəbli qızın iştirakı ilə baş tutan tədbirdə onlara informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatlar verilib.

Daha sonra gənc qızların iştirakı ilə innovativ ideyalar üzrə startap layihələrinin formalaşdırılmasına dair təlim keçirilib. Qızlar mentorlar tərəfindən təqdim edilən tədris materialı ilə tanış olduqdan sonra komandalara bölünərək mütəxəssislərə ideyalarını təqdim ediblər. Münsiflər heyəti layihələri perspektivlik baxımından qiymətləndirdikdən sonra, iştirakçıları mükafat və sertifikatlarla təltif ediblər.

Eyni zamanda proqramlaşdırma prosesi ilə əyani şəkildə tanış olmağa imkan yaradan kodlaşdırma məşğələləri də təşkil edilib.

Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” üzrə təlim keçirilib.

“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.

Təlimdə bildirilib ki, son illərdə "İKT-də qızlar" günü çərçivəsində həyata keçirilən tədbirlərin miqyası xeyli genişlənərək bir günlük tədbir formatından qızları il ərzində İKT ilə işləməyə öyrətmək üçün nəzərdə tutulmuş daimi fəaliyyət göstərən proqramlara çevrilib.

Qeyd edilib ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə imkanına malik olan qız və qadınlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan da asanlıqla istifadə edə bilərlər.

Eyni zamanda bildirilib ki, "İKT-də qızlar" günü qızları elm, texnologiya, texnika və riyaziyyat sahəsində təhsil almağa stimullaşdırmaq yolu ilə "rəqəmli fərqliliy"in aradan qaldırılmasına kömək etmək üçün nəzərdə tutulmuş qlobal təşəbbüsdür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3052080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR