Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Dövlət Baytarlıq müfəttişi Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar olaraq cari il mayın 5-dən Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verib.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib.
Bununla bağlı imzalanan sərəncamda qeyd olunur ki, Dünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Türkiyə Respublikasının ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi” (H5N1) xəstəliyi aşkarlanıb.
Eyni zamanda, Sərəncamda Dövlət Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektoruna Türkiyədə quşlar arasında yayılmış yüksək patogenli “quş qripi” (H5N1) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlərin görülməsi tapşırılıb.