Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi qurumun nümayəndə heyəti Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə İstanbulda keçirilən “İDEF-2015” 12-ci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün mayın 4-5-də qardaş ölkədə səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirib, nümayiş olunan texnika və avadanlıqla, habelə müxtəlif təqdimatlarla yaxından tanış olub. Həmçinin nazirliyin maddi-texniki bazasının daha da gücləndirilməsi üçün fövqəladə halların idarə edilməsi və mülki müdafiə sahəsində ən müasir avadanlığın istehsalı ilə məşğul olan bir sıra xarici şirkətlərlə danışıqlar aparılıb.