“Azərxalça”nın filiallarında “Xalçaçı günü” peşə bayramı qeyd olunub

“Azərxalça”nın filiallarında “Xalçaçı günü” peşə bayramı qeyd olunub
17:38 3 May 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalçaçılarının peşə bayramı ilə əlaqədar “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında tədbirlər keçirilib.

Əvvəlcə Səhmdar Cəmiyyətin rəhbərliyinin təbriki çatdırılıb.

Tədbirlərdə qeyd olunub ki, Azərbaycanda yüz illərdir, xalça toxunsa da xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq üç ildir ki, Azərbaycan xalçaçıları “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı günü - may ayının 5-ni peşə bayramları kimi qeyd edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə “Xalçaçı günü” peşə bayramının təsis edilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.

Bildirilib ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, ulu öndərimiz Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi ulu öndərimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də biz “Xalçaçı günü”nü qeyd edə bilərdik. Bugünkü xoş günlərimiz üçün ulu öndərimizi minnətdarlıqla xatırlayırıq.

Vurğulanıb ki, dövlətimizin ən çox diqqət yetirdiyi sahələrdən biri də tariximizin və milli mədəniyyətimizin mühüm göstəricisi olan xalçaçılıqdır. Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji kurs Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" da təsdiq olunub. Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsin nümunələri siyahısına daxil edilib.

Qeyd olunub ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti dünya xalçaçılığında analoqu olmayan Azərbaycan modelidir. Ənənəvi xalq üsulu ilə xalça toxunmasının kütləvi şəkildə təşkili məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında Səhmdar Cəmiyyətin 20 filialı yaradılıb. Əksəriyyəti gənclər olan 1600 nəfərdən çox toxucunun çalışdığı filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 8500 kvadratmetrdən çox xalça toxunub.

Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaqdır. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcəkdir.

Çıxış edənlər deyib ki, dövlət başçısının bu sahəyə göstərdiyi qayğı, xalçaçılara verdiyi yüksək qiymət üzərimizə ikiqat məsuliyyət qoyub. Çalışmalıyıq ki, ölkə rəhbərinin tapşırıqlarını uğurla yerinə yetirək, xalçaçılığın inkişafına öz töhfəmizi verək.

Sonda əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirən bir qrup toxucuya “Azərxalça” ASC-nin Fəxri Fərmanı təqdim edilib, hazır xalçalar kəsilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/277618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR