Bakı. 6 may. REPORT.AZ/ İdman gimnastikası üzrə London Olimpiyadasının qalibi Aliya Mustafina və 2012-ci il oyunlarının ikiqat gümüş mükafatçısı Viktoriya Komova Rusiyanın I Avropa oyunlarında iştirak edəcək yığmanın ilkin tərkibinə daxil ediliblər.
"Report" xəbər verir ki, bu barədə "TASS"a Rusiyanın idman gimnastikası üzrə yığmanın baş məşqçisi Andrey Rodionenko bildirib.
Mustafina belini zədələdiyinə görə aprel ayında keçirilən Avropa çempionatında iştirak etməyib, Komova isə topuğunun ağır travması səbəbindən Londondalkı olimpiadadan sonra yalnız bir yarışda iştirak edib.
"Biz Mustafina və Komovanın Avropa oyunlarında iştirak edəcəklərinə ümid edirik, lakin onlar hələ yığmanın ilkin siyahısına daxil ediliblər. Əgər hər şey qaydasınca getsə, onlar bu yarışlarda çıxış edəcəklər. Lakin hələ son qərar verməyə tələsmək lazım deyil", - Rodionenko qeyd edib.
İdmançıların Avropa oyunlarında iştirakı məsələsi iyun ayının ilk günlərində, gimnastların yarışlarının başlamasından təxminən 2 həftə əvvəl həll olunacaq.