KTN tərəfindən göstərilən 19 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib

KTN tərəfindən göstərilən 19 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib
12:11 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2014-cü ildə Elektron kənd təsərrüfatı sisteminin qurulması istiqamətində hərtərəfli addımlar atılıb.
 
Nazirlikdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, idarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddət uğurlu nəticələrə nail olunub.
 
Belə ki, beynəlxalq ekspertləri də  cəlb etməklə, bu istiqamətdə zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilib, texniki şərtlər hazırlanıb.
 
Bunun əsasında hazırda Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş Nəzarət Sistemi”nin (IACS) prinsiplərinə əsaslanan və 7 alt moduldan (Torpaq Sahələrinin İdentifikasiyası Sistemi, Fermer Təsərrüfatlarının Reyestri, Biznes Təhlili və Hesabatlar Modulu, Sənədlərin İdarə olunması Sistemi, Ərizələrin Emalı Modulu, Ödənişə İcazə Modulu və Risklərin Təhlili Modulu) ibarət olan “Elektron kənd təsərrüfatı” sisteminin tətbiqi üçün praktiki fəaliyyətlərə başlanılıb. Bu məqsədlə xidmətlərin satınalınması məqsədilə tender keçirilib və beynəlxalq məsləhətçilər qrupundan ibarət konsorsium seçilib.
 
 
Nazirlikdən bildirilib ki, bunlarla yanaşı, “Aqrolizinq” ASC tərəfindən aparılan bütün əməliyyatların elektron-uçot sisteminə keçirilməsi başa çatdırılıb, o cümlədən güzəşt tətbiq ediləcək texnikalarla bağlı xüsusi proqram təminatı hazırlanıb və elektron məlumat bazası yaradılıb. “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə əlaqədar 1 noyabr 2014-cü il tarixdən etibarən Nazirliyin (www.agro.gov.az) və “Aqrolizinq” ASC-nin (www.agrolizing.gov.az) rəsmi internet saytları vasitəsilə «online» rejimində müraciətlərin qəbuluna başlanılıb.
 
 
KTN-dən o da qeyd edilib ki, heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarının və digər dövlət baytarlıq nəzarəti obyektlərinin elektron qeydiyyatına başlanılıb. Artıq 4810-a qədər obyekt qeydə alınıb. Nazirlik tərəfindən Kənd Təsərrüfatı heyvanlarının qeydiyyatı, heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri, aylıq və rüblük baytarlıq hesabatlarının XEMS və Az.VET elektron informasiya sistemində həyata keçirilməsi işləri davam etdirilir.
 
 
2014-cü ildən ölkədə fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən aylıq hesabatların Kənd Təsərrüfatı Nazirliyinə elektron formada təqdim olunması sistemi qurulub. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilib.
 
 
Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq hazırda KTN tərəfindən göstərilən 19 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
 
 
Seymur Qasımbəyli


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34775-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR