“Google” avtomobildə telefon istifadə edərkən yaranan ürəkbulanma və başgicəllənməni azaltmaq üçün hazırladığı “Motion Assist” funksiyasını “Android 17” ilə işləyən cihazlara təqdim etməyə başlayıb.

“Motion Assist” ekranın kənarlarında avtomobilin hərəkətinə uyğun dəyişən kiçik fiqurlar göstərir. Bununla istifadəçinin gördüyü görüntü ilə bədənin hiss etdiyi hərəkət arasındakı fərqin azaldılması və beləliklə, yol tutmasının təsirinin yüngülləşdirilməsi nəzərdə tutulur.

Funksiya avtomobillə yanaşı, avtobus və qatar kimi nəqliyyat vasitələrində də işləyə bilir. İstifadəçi onu hərəkət başlayan zaman avtomatik aktivləşdirmək və ya “Sürətli parametrlər” bölməsindən əl ilə açıb-söndürmək imkanına malikdir.

Ekrandakı fiqurların rəngi, forması və şəffaflığı dəyişdirilə bilir. Dairə, kvadrat, beşbucaq və romb kimi seçimlər təqdim olunur.

Bu funksiya maşında ürəkbulanmanın qarşısını alır

“Motion Assist” hazırda yalnız “Android 17” istifadə edən cihazlarda və mərhələli şəkildə aktivləşdirilir. Funksiyanın təqdim olunması server tərəfindən idarə edildiyindən eyni versiyaya malik bütün telefonlarda eyni vaxtda görünməyə bilər.

“Google” funksiyanın hər kəsdə eyni nəticə verməcəyini və bəzi istifadəçilərdə narahatlığı artıra biləcəyini bildirir. Şirkət həmçinin “Motion Assist”in avtomobil idarə edilərkən istifadə olunmamasını tövsiyə edir.