Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə NATO-nun mənzil qərargahında Mülki Fövqəladə Planlama Komitəsinin Uyarlılıq Platforması formatında fövqəladə hallar üzrə milli qurumların rəhbərləri səviyyəsində keçirilən növbəti plenar iclasında iştirak edib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda əsas diqqət NATO-nun böhranların idarə olunması sahəsində tərəfdaş dövlətlərə verdiyi dəstəyin davam etdirilməsi və mülki hazırlıq sahəsində mövcud təhdidlərə qarşı birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsinin aparılmasına yönəldilib.
Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini NATO-nun müvafiq qurumları ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlığının hazırkı vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, ötən dövr ərzində bu əlaqələr daha da genişlənib və nazirlik əməkdaşları təşkilat tərəfindən mütəmadi olaraq keçirilmiş müxtəlif kurs, seminar və təlimlərdə yaxından iştirak ediblər. Diqqətə çatdırılıb ki, NATO ilə təcrübə mübadilələrinin aparılmasının əməkdaşlığının vacib hissəsi olduğu nəzərə alınaraq, Avratlantik Fəlakətlərə Cavabın Əlaqələndirilməsi Mərkəzində təcrübə keçməsi məqsədilə nazirliyin əməkdaşları Könüllü Milli Töhfə statusu ilə həmin mərkəzə ezam olunur.