Ağcabədi, 8 may, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri və Gənclər Birliyinin üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin qəsəbədəki büstü önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal Həsənov “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə edərək, ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən, gənclərə olan diqqət və qayğısından danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb və daim ehtiramla xatırlanacaq.
Digər laçınlı gənclər də çıxışlarında ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasında rolundan, misilsiz xidmətlərindən bəhs edib, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.