Gəncə, Sabir Əliyev, 10 may, AZƏRTAC
Böyük Vətən müharibəsində faşizmə qarşı mərdliklə vuruşan veteranlarımız hər cür hörmət və ehtirama layiqdirlər. Onların həyat yolu gənc nəslə örnəkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qələbənin 70 illik yubileyi münasibətilə Gəncədə keçirilən təntənəli mərasimdə səsləndirilib.
Mərasim hərbi geyimli məktəblilərin paradı ilə başlayıb. Sonra 1941-1945-ci illər Böyük Vətən müharibəsinin dəhşətlərini əks etdirən rəsm, eləcə də bu müharibədə şücaət göstərən azərbaycanlı igidlərin həyatından bəhs edən kitabların sərgisinə baxış keçirilib.
İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağındakı məzarı önündə keçirilən yubiley tədbirində Azərbaycanın dövlət himni səsləndirilib. Məzarın önünə əklil qoyulduqdan sonra havaya yaylım atəşi açılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Böyük Vətən müharibəsi iştirakçılarını təbrik edərək diqqətə çatdırıb ki, faşizm üzərində qələbənin əldə edilməsinə Azərbaycan çox böyük töhfələr verib. Bu müharibədə ölkəmizin 700 minə yaxın vətəndaşı iştirak edib ki, onlardan da 300 minə yaxını həlak olub. Qələbədə Bakı nefti xüsusi rol oynayıb.
Qələbənin 70 illik yubiley medalları təqdim edildikdən sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında həmin qanlı-qadalı illəri canlandıran səhnəciklər göstərilib.
Şəhər icra hakimiyyətinin rəhbərləri sinəsini orden və medallar bəzəyən veteranlarla söhbət edib, onların sosial-məişət qayğıları ilə maraqlanıb, arzu və təkliflərini dinləyiblər.
