Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən, Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyənləşdirilib. Eləcə də araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib.
Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bu istiqamətdə reydlərini mütəmadi davam etdirməyi nəzərdə tutur.
Qeyri-qanuni fəaliyyət göstərən quş əti hissələrinin çeşidlənmə sexi aşkarlanıb