Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 75 nəfər əlilliyi olan şəxsi Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla da ötən ayın əvvəlindən bəri artıq 300 nəfər əlilliyi olan şəxsin Lənkəran və Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, bu ilin yaz-yay mövsümündə ümumilikdə min nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin istirahətə göndərilməsi xüsusi diqqətdə saxlanılır. İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, stolüstü oyunlar, futbol və voleybol üzrə yarışlar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları və s. təşkil olunur. Onlar, həmçinin müvafiq fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər. Əlil şəxslərin istirahət mərkəzlərinə aparılması və gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.