Aslan Kərimov: "Ona "futbol sənlik deyil, çıx get" demək doğru olmaz"

Aslan Kərimov: "Ona "futbol sənlik deyil, çıx get" demək doğru olmaz"
14:22 16 Yanvar 2015
146 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, apasport.az saytının “Ənlər” rubrikasının budəfəki qonağı uzun illər Azərbaycan millisinin kapitanlığını etmiş, hazırda isə U-16 yığmamızın baş məşqçisi vəzifəsində çalışan Aslan Kərimovdur.
 
- Gördüyünüz ən istedadlı futbolçu...
 
- Hər dövrün istedadlı oyunçuları olub. Mənim karyeram 1990-2008-ci illəri əhatə edir. Bu dövrlərdə fərqli vaxtlarda istedadlı futbolçular görmüşəm. Birlikdə oynadığım oyunçulardan ən istedadlısı kimi Vidadi Rzayevi göstərə bilərəm. Futbolda hər mövqenin oyunçusunun öz vəzifələri var. Amma Vidadinin gördüyü işlər sərhədsiz idi. Gözləmədiyin anda ötürmə verə bilirdi. Həm onunla birlikdə, həm də ona qarşı oynamışam. Ondan istedadlısını da görməmişəm.
  
- Ən istedadsız futbolçu...

- Ad çəkməyim doğru olmaz. Etiraf edək ki, Azərbaycan çempionatı Avropanın heç də böyük çempionatlarından deyil. Burada o qədər istedadsız oyunçular olub ki... Hətta vaxtilə həmin futbolçular da burada normal oynaya bilirdilər. Amma həmin insana “futbol sənlik deyil, çıx get” demək də doğru olmaz. Mənim fikrimcə, belələri gənc yaşda irəli gedə bilməyəcəklərini görüb, vaxtında bu sahədən getsələr, daha yaxşı olar.
  
- Birgə işlədiyiniz ən güclü məşqçi...

- Mən müdafiəçinin hücuma qoşulmağını Tahir Əmiraslanov adlı məşqçidən öyrənmişdim. Həmin vaxt U-17-də çıxış edirdim, o da baş məşqçi idi. Bununla demək istəmirəm ki, digərləri zəifdir. Sadəcə olaraq, futbolun texniki tərəflərini Tahir müəllimdən öyrənmişəm. Futbolçu kimi püxtələşməyimdə Ağasəlim Mircavadovun və Vaqif Sadıqovun da böyük rolu var.
  
- Ən zəif məşqçi...

- Şəxsən mənə qarşı pis olan məşqçilər var idi. Məsələn, milli komandanı İqor Ponomaryov çalışdıranda hiss edirdim ki, mənə qarşı heç də yaxşı deyil. Oyun tərzim həmin vaxt federasiya prezidenti olan Fuad Musayevin xoşuna gəlmirdi. Hiss edirdim ki, Ponomaryov onun mövqeyi ilə hərəkət edirdi. Bu da mənim xoşuma gəlmirdi. Amma sonra “Qarabağ”la birgə işləyəndə Ponomaryovla heç bir problemim yox idi.
  
- Ən zarafatcıl futbolçu...

- Mirbağır İsayev “mırt” idi (gülür). Amma futbol ictimaiyyəti tərəfindən “dodaq” ləqəbi ilə tanınan Samir Məmmədov da çox zarafatcıl idi. Həmin dövrdə onu tanımayan yox idi. Samirin yanında sakit durmaq mümkün deyildi.
  
- Ən ciddi futbolçu...

- Mahmud Qurbanovun xasiyyəti “tünd” idi. Oyunqabağı çox ciddi olardı, onunla danışmaq mümkün deyildi.
  
- Ən çox danışan futbolçu...

- Oyunda çox danışan Yaşar Vahabzadə idi. Hamıya göstəriş verirdi.
  
- Bəs ən az danışan...

- Əli Abışovu qeyd edərdim. Səssiz-səmirsiz insan idi.
  
- Ən tənbəl futbolçu...

- Zaur Ramazanov. Yuxudan durub səhər məşqinə gəlmək istəmirdi. Bütün məşqçilərlə də buna görə problemi olurdu. Amma oyun vaxtı bunu heç hiss etdirmirdi. Məhz oyununa görə hamı məşqdəki tənbəlliyinə göz yumurdu.
  
- Ən ürəyiaçıq futbolçu...

- Rəşad Sadıqov.
  
- Ən savadlı futbolçu...

- Cahangir Həsənzadə. İntellekt səviyyəsi çox yüksəkdi. Elə futbolçular var idi ki, heç yazmağı da bacarmırdılar. Deyəcəm, Zaur Ramazanov... (gülür). Ümumiyyətlə, futbolçuların oxumaqla araları olmurdu.
  
- Ən zövqlə geyinən futbolçu...

- Əcnəbilər həqiqətən də zövqlü geyinirlər. Yerlilər arasında Namiq Yusifovun adını çox adam çəkir. Mən zövq deməzdim, Namiq brendə üstünlük verir.
  
- Ən çox söyüş söyən futbolçu...

- Emin Quliyev və Mehman Yunusov.
  
- Gördüyünüz ən gözəl stadion...

- “Nyukasl”ın stadionu. Atmosfer baxımından insan orada özünü əsl futbolçu kimi hiss edir. Özümü İngiltərə səviyyəsində bir futbolçu sayırdım. Cerrarda, Lemparda, Bekhemə qarşı oynayırdım.
  
- İdealın kim olub?

- Heç kimə bu gözlə baxmamışam. İspaniyanın qaradərili dayaq yarımmüdafiəçisi Markus Sennanı çox bəyənirdim. Amma ümumilikdə braziliyalı Ronaldo, Ronaldinyo və Zidanın oyunundan xoşum gəlirdi. Onların meydandakı hərəkətlərinə heyrətlənməmək mümkün deyildi.
  
- Ən güclü qapıçı...

- Mənə görə, Cəmaləddin Əliyev. O təkcə qapıda durmağı ilə deyil, məşqlərdəki əzmi, çalışqanlığı ilə ən güclü idi.
  
- Ən güclü müdafiəçi...

- Azərbaycan səviyyəsində gördüyüm ən güclü müdafiəçi Elşad Əhmədov olub. Öz dövrünün ən ağıllı mərkəz müdafiəçisi idi. Onun yanında oynaya-oynaya çox şey öyrənmişdim. Müdafiədən hücum qurmaq xüsusiyyətini də ondan öyrənmişdim.
  
- Ən güclü yarımmüdafiəçi...

- Təbii ki, Vidadi Rzayev.
  
- Bəs hücumçu...

- Samir Ələkbərov. Boyu balaca idi və çox cəld oynayırdı. SSRİ çempionatında da iştirak etdiyi üçün böyük təcrübəyə malik idi. Ondan sonra Qurban Qurbanova qarşı oynamaq çox çətin idi. Fiziki cəhətdən güclü oyunçu idi. Mən də sərt müdafiəçi kimi tanınırdım. Ona görə də Qurbanla üz-üzə gələndə bir-birimizdən qığılcımlar çıxırdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR