20 Yanvar şəhidləri xalqımızın yaddaşında azadlıq mücahidləri kimi daim yaşayacaq

14:28 16 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə şəhidlərin xatirəsinin anım mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xidmətdən AzərTAc-a bildiriblər ki, mərasimdə çıxış edənlər Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərin və Azərbaycan xalqına qarşı həyata keçirilən qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıblar. Bildirilib ki, hadisənin növbəti günü ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək açıq etiraz edib, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Bu gün ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda həlak olanların, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində xüsusi tədbirlər həyata keçirilir, onlara dövlət qayğısı göstərilir və xatirələri dərin ehtiramla yad olunur.
Tədbirdə dövlət tərəfindən şəhid ailələrinə və əlillərinə göstərilən qayğı və diqqət yüksək qiymətləndirilib, azadlıq mübarizəmizin şanlı səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağı, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, 20 Yanvar şəhidləri Azərbaycan xalqının yaddaşında azadlıq mücahidləri kimi daim yaşayacaq, xatirələri dərin ehtiramla yad ediləcəkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidleri_xalqimizin_yaddasinda_azadliq_mucahidleri_kimi_daim_yasayacaq-825268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR