Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi məhsul bolluğunun əsas şərtlərindəndir

Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi məhsul bolluğunun əsas şərtlərindəndir
14:38 16 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Quba, 16 yanvar, Elxan Yusifli, AzərTAc 
Yanvarın 16-da Qubada Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi və tingçiliyin inkişafı” mövzusunda regional müşavirə keçirilib.
AzərTAc xəbər verir ki, rayonun Zərdabi qəsəbəsində yerləşən Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda keçirilən müşavirədə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən kənd təsərrüfatı qurumlarının rəhbərləri, alimlər, mütəxəssislər, fermerlər və digər özəl bölmələrin nümayəndələri iştirak ediblər.
Müşavirənin əsas məqsədi bitkiçilik məhsullarının istehsalçılarına, eyni zamanda, meyvəçiliklə məşğul olan fermerlərə məhsuldarlığın yüksəldilməsində, ting istehsalının müasir standartlara uyğun səviyyədə qurulmasında kömək etməkdir.
Regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Quba-Xaçmaz bölgəsində meyvəçiliyin vəziyyəti və inkişaf perspektivləri”, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Tingçiliyin mövcud vəziyyəti və İnkişaf etdirilməsi”, Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev “Meyvə bağlarında mövsümü qulluq işləri” mövzularında çıxışlar ediblər.
Bununla yanaşı, “Yeni texnologiya ilə salınmış bağlarda becərmə tədbirləri”, “Mütərəqqi becərmə texnologiyalarında gübrələrdən istifadənin əhəmiyyəti”, “Amerika ağ kəpənəyinin bioloji xüsusiyyətləri və ona qarşı mübarizə tədbirləri” mövzuları da əsas müzakirə predmeti olub.
Regional müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bir daha diqqətə çatdırılıb. Bu Sərəncamın ölkəmizdə kənd təsərrüfatı sahəsinin daha da inkişaf etdirilməsində müstəsna rol oynayacağı xüsusi vurğulanıb.
Müşavirədə, həmçinin qeyd olunub ki, şimal bölgəsində tingçilik və toxumçuluq sahəsində sertifikatlaşdırılmanın həyata keçirilməsi üçün Qubada yeni regional laboratoriyanın qurulmasına başlanılıb.
Mövzular ətrafında müzakirələrdən sonra müşavirə iştirakçıları yeni texnologiyaların tətbiq edildiyi bağ sahələrinə baxış keçiriblər.
Tarla şəraitində müasir becərmə sistemini nümayiş etdirmək məqsədilə rotorlu kultivatorların cərgələrarası becərməsi, eyni zamanda, budama zamanı bitki qalıqlarını xırdalayıb doğrayan aqreqatların iş prinsipi fermerlərə əyani şəkildə göstərilib. Bildirilib ki, bu müasir texnikalardan istifadə etməklə meyvəçilikdə məhsuldarlığı yüksəltmək və əl əməyini azaltmaqla iqtisadi rentabelliyin səviyyəsini yüksəltmək olar.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meyvechilikde_mutereqqi_becerme_texnologiyalarinin_tetbiqi_mehsul_bollugunun_esas_sertlerindendir-825271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR