Bakı, 14 may, AZƏRTAC
2015-ci ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 21 milyon kubmetr qaz olub. Yanvar-mart aylarında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat xərcləri və 245 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu barədə AZƏRTAC-a “bp-Azerbaijan” şirkətindən məlumat verilib.
Boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazını çatdırır. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları: bp (operator – 28,8 faiz), AzCQBK (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), və TPAO (19 faiz).