Bakı, 15 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni hazırlanmış “Pilot bərpa mərkəzlərində əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının qiymətləndirmə forması”nın təqdimatı ilə bağlı seminar keçirilib. Tədbirdə ƏƏSMN-nin müvafiq struktur bölmələrinin, əlillərin bərpa mərkəzlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarda qiymətləndirmə formasının Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində ƏƏSMN-ə dəstək” Tvinninq layihəsi çərçivəsində hazırlandığı diqqətə çatdırılıb. Qeyd olunub ki, son illərdə ƏƏSMN tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlərdə əsas məqsədlərdən biri də əlilliyi olan şəxslərə münasibətdə tibbi yanaşma ilə yanaşı, sosial modelin tətbiqidir. Burada məqsəd əlilliyi olan şəxslərin sosial reabilitasiya potensialının nəzərə alınması və onun reallaşmasını təmin etməkdir. Hazırlanan yeni qiymətləndirmə formasında da bu prinsip diqqətdə saxlanılıb. Qiymətləndirmə forması bərpa mərkəzlərinə qəbul olunan əlilliyi olan şəxslərin sağlamlıq durumu ilə yanaşı, onların sosial vəziyyətini əks etdirən məlumatların da əldə olunmasına imkan verir. Bu məlumatlar əsasında isə onların sosial reabilitasiyasına yönələn tədbirlər həyata keçiriləcək.
Tvinninq layihəsi əhatə etdiyi fəaliyyət istiqamətində Litva, Fransa və Almaniyanın müvafiq dövlət qurumları ilə əməkdaşlığı nəzərdə tutur. Yeni hazırlanan qiymətləndirmə forması da Fransanın aidiyyəti qurumu ilə əməkdaşlıq şəraitində və həmin ölkənin bu sahədə qabaqcıl təcrübəsindən istifadə olunmaqla hazırlanıb. Artıq ƏƏSMN-nin pilot olaraq seçilmiş Müharibə Əlilləri üçün Müalicə Pansionatında və Sumqayıt Əlillərin Bərpa Mərkəzində yeni qiymətləndirmə formasının tətbiqi üçün müəyyən hazırlıq işlərinə başlanılıb.
Seminarda “Pilot bərpa mərkəzlərində əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının qiymətləndirmə forması” barədə müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üzrə yeni qiymətləndirmə forması təqdim edilib