Bakı, 18 may, AZƏRTAC
Tanınmış yapon alimi və 2006-cı ildən “Nansen qaçqın mükafatı”nın laureatı, doktor Akio Kanai Azərbaycanda növbəti humanitar missiyasına başlayıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən AZƏRTAC-a verilən məlumata görə, mayın 18-də doktor Kanai və onun 6 optometrist mütəxəssisdən ibarət heyəti məcburi köçkünlər üçün göz müayinəsi həyata keçirmək üçün Ağdam və Tərtər rayonlarına yola düşür. Yardım proqramı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
Doktor Kanai Yaponiyanın “Fuci Optikal” özəl şirkətinin rəhbəri və 30 ildən çox müddətə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının seçilən özəl donorudur. Şirkət BMT QAK-ın aidiyyətində olan şəxslər - qaçqınlar, sığınacaq axtaran şəxslər və məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirir. Şirkət özünün humanitar fəaliyyətinə 1983-cü ildə Tailandda Hind-Çin qaçqınları arasında başlayıb. Həmin vaxtdan “Fuci Optikal” Asiya, Avropa və Afrikanın altı ölkəsində qaçqınlar, məcburi köçkünlər və digər kövrək insanlar üçün 145 mindən artıq eynək ianə edib, bu ölkələrdən dördündə görmə qabiliyyətinin müayinəsi missiyaları həyata keçirib. Azərbaycan da bu ölkələrdən biridir. Bu, “Fuci Optikal” şirkətinin Azərbaycana 11-ci belə missiyasıdır.
“Fuci Optikal” Azərbaycandakı missiyasını yerinə yetirmək üçün 2005-ci ildən indiyədək iki milyon ABŞ dollarınadək vəsait xərcləyib, o cümlədən ölkəmizə 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşya gətirib. Ümumilikdə 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan şəxs ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il “Fuci Optikal” dörd min eynək, eyni zamanda, görmə və eşitmə ilə əlaqədar digər əşyalar gətirib və iki minədək məcburi köçkün, qaçqın və digər kövrək insanı müayinə etməyi qarşıya məqsəd qoyub.
