Lavrov: “Rusiya və Azərbaycan arasında münasibətlər strateji olmaqla yanaşı, qarşılıqlı inam və etibara əsaslanır”

“İki ölkə arasında münasibətlər strateji olmaqla yanaşı, qarşılıqlı inam və etibara əsaslanır”.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiya və Azərbaycan liderlərinin qarşılıqlı səfərlərini və görüşlərini qeyd edən S. Lavrov bildirib ki, prezidentlər tərəfindən parlamentlər və nazirliklərə əlaqələrin dərinləşməsi istiqamətində tapşırıqların verilməsini görürük.

S. Lavrov humanitar sahədə əlaqələrə toxunaraq qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində yaxın əməkdaşlıq var.

O, Azərbaycanda rus dilinin tədrisinə göstərilən qayğıya görə təşəkkür edib. Rusiya XİN başçısı bildirib ki, ali təhsil müəssisələri arasında da sıx əməkdaşlıq mövcuddur, Azərbaycanda Rusiya universitetlərinin filialları fəaliyyət göstərir.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladaraq bildirib ki, bu səfər çox səmərəli olub: “Xanım Mehriban Əliyevanın səfəri çərçivəsində regionlararası və Gənclər forumu keçirilib. Regionlararası forumda 70-ə yaxın region iştirak edib”.

Nazir Gənclər forumunun gələcəkdə də təşkil olunmasının vacibliyini qeyd edib.

Beynəlxalq təşkilatlar səviyyəsində Rusiya-Azərbaycan əməkdaşlığından danışan S. Lavrov BMT, ATƏT, Qara Dəniz Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində iki ölkə arasında yaxın əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

“Biz Azərbaycanın qarşıdakı üç il müddətində Qoşulmama Hərəkatına sədrliyindən istifadə edərək Rusiyanın bu təşkilatla əlaqələrinin daha da yaxınlaşmasına çalışacağıq", - deyə S. Lavrov bildirib.

E. Məmmədyarovla görüşdə Xəzərin statusu ilə bağlı da müzakirələr apardığını qeyd edən rusiyalı nazir 5-ci Xəzər sammitinin nəticələri ilə bağlı oxşar mövqedə olduqlarını diqqətə çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR