Azərbaycanda ali təhsil müəssisələri tədris proqramlarının müasir texnologiyalara və əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) müraciətlər edirlər.

Bunu Metbuat.az-ın sualına cavab olaraq İRİA-nın şöbə müdiri Vüsalə Qurbanova “Media üçün Rəqəmsal Səriştələr” tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, universitetlər tədris proqramlarının hazırlanması və təkmilləşdirilməsi istiqamətində agentliklə əməkdaşlığa maraq göstərirlər:

“Universitetlər bizə müraciət edərək hazırladıqları proqramları təqdim edir və onların təkmilləşdirilməsinə dəstək göstərilməsini istəyirlər. Biz həmin proqramlara birbaşa müdaxilə etmirik, lakin müvafiq tövsiyələrimizi veririk”, – deyə Vüsalə Qurbanova qeyd edib.

O bildirib ki, ali təhsil müəssisələri ilə əməkdaşlıq tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu gün artıq universitetlə sənayeni bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Əvvəllər sənaye universitetlərdən, universitetlər isə sənayedən narazı idi. Lakin indi qarşılıqlı əməkdaşlıq zərurətə çevrilib”, – deyə İRİA rəsmisi vurğulayıb.

Vüsalə Qurbanova universitetlər arasında müəllim və mütəxəssis mübadiləsinin, müxtəlif ixtisaslar üzrə praktiki tədrisin təşkilinin və sənaye nümayəndələrinin təhsil prosesinə cəlb edilməsinin vacibliyinə də diqqət çəkib.

O, həmçinin beynəlxalq texnologiya şirkətlərinin təlim proqramlarının ali təhsil müəssisələrində tətbiqinin tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə yeni imkanlar yarada biləcəyini bildirib.

Şöbə müdiri vurğulayıb ki, təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri olan insan kapitalının formalaşdırılmasına xidmət edir.