Məmmədyarov: “Ümid edirəm ki, sabah Bratislavada məhz predmetli danışıqların yeni fazasını açacağıq”

“Erməni həmkarım sabah Bratislavada mənimlə görüşdə Dağlıq Qarabağın statusu və təhlükəsizlik məsələlərini müzakirə edəcəyini deyib. Statusla bağlı prinsipial yanaşma adındır. Burada söhbət Dağlıq Qarabağın bütün əhalisindən, məcburi köçkünlərin normal həyat tərzinə dönmələrindən gedir. Düşünürük ki, hansısa irəliləyiş olacaqsa, avtomatın lüləsi altında deyil, məhz sərbəst şəkildə, qarşılıqlı kontaktlar hesabına olsun. Məhz onda etimad mühiti yaranacaq”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Təhlükəsizlik məsələsinə gəlincə, nazir qeyd edib ki, Azərbaycan tərəfinin anlayışında və erməni tərəfinin anlayışında təhlükəsizliyin nə olduğuna diqqət yetirilməlidir: “Bizim anlayışımızda təhlükəsizlik nədir, erməni tərəfinin anlayışında nədir, buna diqqət etmək lazımdır. Hazırkı vəziyyətdə çox nümunə var. Məsələn, 1994-cü ildə ATƏT-in Budapeşt Sammitinin silahlı birləşmələr çəkiləcəyi təqdirdə sülhməramlı əməliyyatlar barədə qəbul etdiyi qərarı var.

Bir daha qeyd etmək istəyirəm ki, ilk növbədə, silahlı qüvvələr kazarmalara qayıtmalıdır. Bu yolla sürətli şəkildə etimad mühitinin yaranmasına nail olmaq olar. Təhlükəsizlik vacibdir. Əgər erməni tərəfi Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini önə çəkirsə, Azərbaycan tərəfi də məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan sonra – onsuz da gec-tez bu baş verəcək, əvvəl 5 rayondan başlayaraq, sonra 7 rayon və nəhayət, imkan yarananda Dağlıq Qarabağa qayıdacaqlar - həmişə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin təhlükəsizliyi məsələsi qoyacaq. Bunun üçün məruzə lazımdır. Bununla bağlı biz həmsədrlərə müraciət etmişik ki, vəziyyəti dəqiq qiymətləndirmək üçün xüsusi məruzə hazırlasınlar. Təhlükəsizlik məsələlərinin necə həll olunacağına dair dəqiq qiymətləndirmə olmalıdır. Bunun üçün də ciddi, substantiv, predmetli danışıqlar vacibdir. Mən ümid edirəm ki, biz sabah Bratislavada məhz predmetli danışıqların yeni fazasını açacağıq”.

Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR