"Bütün qadınlar bir-birlərinə oxşayırlar, özgüvəni zəif olan qadınlardır..." -

Dünyada olduğu kimi ölkəmizdə də plastic əməliyyata üz tutanların sayı artmaqdadır. Əvvəllər yalnız səhnə adamları plastic əməliyyat etdirirdilərsə, son illərdə artıq sadə insanlar da bu addımı atırlar. Ölkəmizdə bu növ əməliyyatların artıq ənənə halına çevrilməsi təəssüf hissi doğurur. Bildiyimiz kimi, hər bir xalqın özünəməxsus üz cizgiləri olur. Lakin son illər Azərbaycanda bu xüsusiyyət eyniləşməyə doğru gedir.

Metbuat.az mövzu ilə bağlı mütəxəssisllərə müraciət edib. Saytımıza danışan tanınmış jurnalist, sosioloq Lalə Mehralı deyir ki, insanlar daha çox başqalarına mükəmməl görünmək üçün bu addımı atırlar:

“Estetik əməliyyatların artmasına səbəb insanların başqalarının fikrinə dəyər verməsidir. Hər şey mükəmməl olmalıdır deyə bir fikrə qapılıb insanlar. Bir-biri ilə eyni olacaq dərəcədə mükəmməllik axtarırlar. Tutaq ki, bir müğənni burnunu əməliyyat etdirir, başqa qadınlar da baxır ona, gedib cəmi 1000 manat verib burunlarını onun kimi etdirirlər.

Reklamlara, kino və seriallara çəkilən qadınlara baxın. Hamısı bir-birinin eynidir. Yəni cəmiyyətə örnək göstərilən simalar estetik əməliyyatla ərsəyə gələn simalardır. İnsanlar artıq onun normal olduğunu düşünürlər. Təbii simanın isə gözəl olduğunu düşünmürlər. Çünki bu efirlərdə də təbliğ edilir”.

Məsələnin pxisoloji tərəflərini araşdırmaq üçün psixoloqlara üz tutduq. Tanınmış psixoloq Gülnar Orucova bildirdi ki, bu addımı atan insanlar daha çox özgüvəni zəif olan, qüsurlarından dolayı depressiyaya düşənlərdir:

“Bəzi insanlar var ki, bədənlərində özləri üçün bir qüsur tapırlar, bu qüsurları özləri üçün kompleks edirlər və onu həll etməyə çalışırlar. Natamamlıq kompleksi yaşayan insanlar var ki, onlar düşünürlər “mən eybəcərəm”, “mən gözəl deyiləm”. Özgüvəni aşağı olan insanlar var. Düşünür ki, gözəl olmadığı üçün həyatda özünü tapa bilmir, ona görə də estetikə üz tutur. Nəzərə alsaq ki, bəzi estetik əməliyyatlar uğursuz alınır, bu da o insan üçün iki qat travma olur".

Psixoloq əlavə etdi ki, sosial şəbəkələrin də bu artım da rolu mövcuddur:

“Həmçinin elə insanlar var ki, uşaq vaxtından onun hər hansı bir qüsuruna lağ edirlər, o da onda kompleks kimi formalaşır. Sosial şəbəkələrində də burda rolu böyükdür. Bu gün sosial şəbəkələrdə insanlara estetik əməliyyatlar, bu əməliyyatların gözəl nəticələri təqdim edilir. Nə daha çox təqdim edilirsə, insanlar da ona meyllənirlər. Estetik əməliyyatların artmasına birinci səbəb onun reklam olunmasıdır”.

Psixoloq Fuad Əsədov isə dedi ki, insanlar estetik əməliyyatlara daha çox başqalarına bənzəmək üçün üz tuturlar:

“Hər bir insanın haqqıdır ki, özünü gözəl və yaraşıqlı görmək istəsin. Və kiminsə öz gözəlliyinin qayğısına qalması təbiidir. Məsələn, kiminsə burnu əyridirsə, onun estetik əməliyyat etməsi normal bir haldır. Amma, bu gün estetik əməliyyatlar hər hansı bir fiziki qüsuru aradan qaldırmaqdan daha çox, başqa birinə bənzəmək üçün edilir. Bu "başqa biri" aktrisa, müğənni, “İnstaqram” fenomeni ya da sadəcə bir tanış ola bilər. Yaxşı bəs insan niyə başqa birinə bənzəmək istəsin? Bu özgüvənlə bağlı məsələdir. İnsan o vaxt özünü digərinə bənzədir ki, həmin o digər insanın özündən daha yaxşı olduğunu düşünür. Sonra eyni şeyi başqaları da ona baxaraq edir və nəticədə böyük bir topluluğun fərdləri bir - birlərinə bənzəyirlər. Bu halda insan özü olmaqdan çıxır. Əsl şəxsiyyətini bir kənara qoyur və başqasına identifikasiya edir. Bu, təkcə özünü görünüşdə əks etdirmir, həm də davranışda da göstərir. Belə bir söz var. Özün kimi ol, başqaları onsuz da var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR