Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar - FOTO

Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar - FOTO
19:27 6 Dekabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 6-da Masallıda yağmurlu hava şəraiti müşahidə olunsa da, rayonda əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü.

Səhər saatlarından başlayaraq minlərlə rayon sakini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulmaq üçün, yeni çəkilmiş Bakı-Astara magistral yolunun Ləngan kəndi ətrafında dövlət fond meşə torpağında ağac əkməyə tələsirdi.

Hər kəsin çöhrəsində təbəssüm vardı. Aksiyaya qoşulan insanlar bu nəcib təşəbbüsü dəstəkləyərək ağac əkməyin savab iş olduğunu bildirirdilər.

Əkilən ağaclar Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin tinglik təsərrüfatında yetişdirilib. Ağacəkmə kampaniyasında dövlət meşə fondunun 5 hektar ərazisində minlərlə müxtəlif növ ağac, o cümlədən Eldar şamı, sərv, göyrüş, ağcaqayın əkilib.

Aksiyada iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mütəfəkkir şair İmadəddin Nəsiminin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah təşəbbüsü irəli sürdüyünə görə rayon sakinləri adından Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Ağacəkmə aksiyasında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev isə qeyd edib ki, 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental ansamblının və "Halay" folklor rəqs qrupunun çıxışları aksiya iştirakçılarına xoş ovqat bəxş edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/808448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR