Bakı, 19 may, AZƏRTAC
Rusiya Mühəndislik Akademiyasının (RMA) 25 illik yubileyi ilə bağlı “Rusiya Mühəndislik Akademiyası” adlı ensiklopediya nəşr olunub. Ensiklopediyada təsis olunduğu vaxtdan indiyədək RMA-ya həqiqi və müxbir üzv seçilmiş 1700 görkəmli alim, əməkdar mühəndis və sənaye istehsalı təşkilatçısı haqqında bioqrafik məlumatlar verilib. Nəşrdə akademik Arif Paşayev haqqında da bioqrafik məlumatlar əksini tapıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib.
Məlumatda deyilir ki, bu il mayın 15-də Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının 2014-cü ildə fəaliyyətinin yekunlarına dair ümumi yığıncaq keçirilib. Yığıncaqda 11 ölkədən 851 nəfər akademiya üzvü iştirak edib.
Əvvəlcə tədbirdə Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayevin “Инженерная газета”da dərc olunmuş “Нефтяной профиль и новые приоритеты” adlı məqaləsi iştirakçılara təqdim edilib. Alimin bu məqaləsi böyük maraqla qarşılanıb.
Yığıncaqda Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, akademik B.Qusevin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov bu qurumun 2014-cü ildə gördüyü işlərdən danışıb.
Tədbirdə Nobel mükafatından fərqli yeni Beynəlxalq Tan (Tayvan) mükafatı haqqında Fondun rəhbəri, professor Cenn-Çuan Çerna məlumat verib. O vurğulayıb ki, mükafat dörd dayanıqlı inkişaf, biotəbabət, sinologiya və hüquq nominasiyalarından ibarətdir. Mükafat iki ildən bir verilir və onun məbləği hər nominasiya üçün 1 milyon 360 min ABŞ dollarıdır. Eləcə də, əlavə olaraq elmi-tədqiqat işlərini davam etdirmək məqsədi ilə 340 min ABŞ dolları da verilir. Ümumilikdə hər bir nominasiyaya 1,7 milyon ABŞ dolları təqdim olunur.
Sonra Beynəlxalq Mühəndislik Akademiyasının yeni həqiqi və müxbir üzvlərinin seçkisi olub. Azərbaycandan BMA-ya Etibar Pirverdiyev həqiqi üzv, Cavid Qurbanov, Qorxmaz Hüseynov, Səlim Müslimov və Rauf Vəliyev müxbir üzv seçiliblər.